22/08/2018 18:49

Nəcməddin Sadıkov belaruslu həmkarı ilə görüşüb

Belarusda rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov  bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belarus Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.  Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Qonaqları salamlayan general-mayor O.Belokonev vurğulayıb ki, Belarus Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur. Belarusa səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov  Azərbaycan-Belarus hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər geniş təhlil edilib və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.