22/06/2019 11:08

Nizam Osmanov: Genişmiqyaslı hərbi təlimlər ordunun döyüş qabiliyyətini yüksəldir

Ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə silahlanmaya qəbul edilən ən müasir silah və hərbi texnika, o cümlədən yeni texnalogiyanın tədbiqi ilə istehsal olunmuş döyüş vasitələri, bölmələrin hər tərəfli təchizatı, müntəzəm keçirilən geniş miqyaslı hərbi təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətini yüksəldir, şəxsi heyətin mənəvi pisxoloji durumuna, döyüş ruhunun yüksəlməsinə müsbət təsir göstərir.

“AzeriDefence”nin məlumatına görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

General-leytenant Nizam Osmanov bildirib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müəyyənləşdirilməsi istiqamətində, eləcədə tibb müəssisələrinin müsair tibbi avadanlıqla tam təchiz edilməsi, müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün mühüm işlər görülüb.

Nizam Osmanov qeyd edib ki, beynəlxalq tədqiqat mərkəzləri də təsdiqləyir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 Ordusu sırasındadır.

“Silahlı Qüvvələrin digər sahələri ilə yanaşı təhsilin inkişafına da böyük diqqət yetirilir. Xüsusi təyinatlı təhsil müəssisələri uğurlu inkişaf yolu keçərək respublikanın hərbi təhsil sistemində özünə layiqli yer tutur. Xüsusi təyinatlı təhsil müəssisələrinin 2019-cu il buraxılş imtahanlarının nəticələrindən məlum olur ki, ötən illərlə müqayisədə imtahanlarda yüksək nəticə göstərənlərin sayı hər il artır.

Ümumi orta müvəffəqiyyət göstərici Silahlı Qüvvələr Hərbi Akademiyası üzrə 68 faizdən 70.5 faizə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi üzrə 66 faizdən 69 faizə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi üzrə 85 faizdən 87 faizə yüksəlib. Xüsusi təyinatlı təhsil müəssisələrində xidmət göstərən hər bir zabit, gizir, həmçinin, çalışan müəllim, professor heyəti, təhsil alan dinləyici və kursantlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”, – deyə Nizam Osmanov vurğulayıb.

General-leytenant Nizam Osmanov bildirib ki, bu gün Azərbaycanda ordu və cəmiyyət bölgüsü yoxdur: “Ordu və xalq arasında çox sıx və səmimi münasibətlər mövcuddur. Xalq ordumuza böyük etimad göstərir və onu hər bir məsələdə yaxından dəstəkləyir”.