31/12/2016 11:02

Norveç şirkəti F-35 üçün uzun mənzilli raket yaradıb

Norveçin “Kongsberg” şirkəti F-35 döyüş təyyarəsi üçün yaradılan JSM (Joint Strike Missile) raketinin ilk uzun mənzilli uçuş testlərini tamamlayıb.

Bu barədə “AzeriDefence” “Kongsberg” şirkətinin saytına istinadən məlumat verib.

F-16 C/D döyüş təyyarəsi ilə keçirilən atış sınaqları zamanı JSM müəyyən olunan bütün testləri uğurla keçib.

Məlumatda o da qeyd olunub ki, JSM dəniz NSM raketinin (Naval Strike Missile) bazasında hazırlanmış çoxməqsədli raketdir.

Norveç Müdafiə Nazirliyi və digər şirkətlərlə əməkdaşlıq çərçivəsində yaradılan yeni raket F-35 təyyarəsində tətbiq ediləcək yeganə gəmi əleyhinə raketdir.

F-35 daxili silah bölmələrində iki belə raket daşıya biləcək. JSM 280 kilometrə qədər məsafədə gəmilərə qarşı tətbiq edilə bilər. Raket həmçinin yerüstü güclü zirehə malik hədəflərin məhvi üçün istifadə oluna bilər.