26/11/2019 12:49

Norveçdə piyadalar əleyhinə minaların qadağan olunmasına dair 4-cü İcmal Konfrans keçirilir

Landmine Monitor Report: Azərbaycan piyadalar əleyhinə mina istehsal və eksport etmir

Bu gün Norveçin paytaxtı Oslo şəhərində “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 4-cü İcmal Konfransı öz işinə başlayıb.

Bu barədə “AzeriDefence”yə Konfransda iştirak edən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.

Bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2019” hesabatı ilə son 20 ildə əldə olunmuş nailiyyətlər və həll olunmamış problemləri  təqdim edib.

İcmal Konfransında bildirilib ki, hazırda 164 ölkə bu Konvensiyanın üzvüdür. Bu qədər ölkənin minalar əleyhinə konvensiyaya qoşulması və ondan irəli gələn məsələlərin həll olunması indiyədək silahlara qarşı mübarizə tarixində ən uğurlu sənəddir. Bu Konvensiyanın uğurlarından biri də ondan ibarətdir ki, bu sənədə qoşulmamış ölkələr də burada nəzərdə tutulan məsələlərdən bəzilərini könüllü yerinə yetiriblər. Belələiklə də yüz minlərlə insan həyatını qorumaq mümkün olub. Donor ölkələr və ərazisində minaların olduğu ölkələr tərəfindən beynəlxalq səviyyədə 700 milyon ABŞ dolları  minalarla mübarizə proqramlarına sərf olunub.

“Son hesabatda bildirilib ki, 59 ölkənin ərazisində və bir neçə qeyri-dövlət ərazidə minaların mövcud olması və onların məhv edilməsi əməliyyatları aparılıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland, Türkiyə və Yəmən ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır”, – deyə H. Səfixanov qeyd edib.

Hesabat dövründə 140 kv. km ərazi minalardan təmizlənib. 168000 ədəd piyada əleyhinə və 7500 tank əleyhinə mina məhv edilib. Son beş ildə 800 kv. km ərazi təmizlənib, 661491 mina məhv edilib. Anbarlarda olan 1.4 milyon mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatdakı 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Səfixanovun sözlərinə görə, “Landmine Monitor Report 2019” hesabatında son 4 ildə qorxulu tendensiya müşahidə olunduğu qeyd edilib. Belə ki, minalardan, müharibənin partlayıcı qalıqlarından və kasetli silahlardan zərərçəkənlərin sayında artım müşahidə olunur: “Hesabat dövründə 6897 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir. Qeydə alınmış qurbanların 71%-i mülki şəxslərdir ki, onların da 54%-ni uşaqlar təşkil edir. Ümumilikdə “Landmine Monitor Report” 1999-cu ildən indiyədək 130000 insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə alıb ki, bunun da 90000 nəfəri yaralanan şəxslərdir”.

Hesabatda Azərbaycanla bağlı məqamların da yer aldığını qeyd edən H. Səfixanovun sözlərinə görə, Azərbaycan Respublikasının minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmadığı vurğulanır: “Rəsmi olaraq bildirilib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb. Azərbaycan Respublikası 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universallaşdırılmasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Mina ehtiyatı sovet dövründən qalmadır, 1994-cü ildə  konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan Respublikası ərazisində minaların təmizlənməsi əməliyyatlarını həyata keçirir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları təşkil edir, mina qurbanlarına yardım göstərir. Minaların yaratdığı problemlərin həll olunması üçün hər il dövlət büdcəsindən maliyyə ayırır”.

Azərbaycanda rəsmi olaraq 2439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. 2019-ci ildə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinə 5 mülki şəxsin minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 1 nəfər həlak olub və 4 nəfər yaralanıb. Hadisələr Tərtər, Füzuli və Qazax rayonlarının ərazisində baş verib.