14/03/2018 17:08

“Nurol Makina” NMS 4×4 zirehli maşınlarını Qətərdə nümayiş etdirir

Türkiyənin “Nurol Makina” şirkəti 12-14 mart tarixlərində Dohada keçirilən DIMDEX-2018 beynəlxalq müdafiə sərgisində NMS 4×4 zirehli maşınlarını nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Nurol Makina” şirkətindən məlumat verilib.

NMS 4×4 zirehli maşınları üzərində yer alan ASELSAN şirkətinin istehsalı olan tank əleyhinə raket sistemi və “iqla” raket sistemi ilə sərgidə Qətərə ayrılan salonda sərgilənib.

Yeni NMS modulyar maşındır. 4 və 9 nəfər üçün konfiqurasiya edilə bilir. Ballistik mühafizə səviyyəsinin istifadəçinin istəyinə uyğun şəkildə gücləndirilməsi mümkündür. Eyni zamanda ərazidə rahatlıqla istifadəyə imkan verir. NMS-in siluetinin kiçik olması da onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bazara yeni təqdim edilən 4×4 təkər formuluna malik NMS xüsusi hərbi şassi üzərinə dizayn edilib. 10 tonluq NMS maşını müstəqil asqıya, mərkəzləşdirilmiş təkər tənzimləmə sisteminə və 4 ton yük götürmə qabiliyyətinə malikdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, çəkisinin yüngül olmasına baxmayaraq maşın yüksək qorumanı təmin edir.

NMS maşının digər bir özəlliyi də eyni gövdə üzərində fərqli dəyişikliklərin edilə bilməsidir. Məsələn, maşın personal daşıyıcı olaraq istehsal edildiyi halda, sonradan arxa hissəni açıq və ya qapalı bölməyə çevirmək mümkündür. Keçicilik qabiliyyəti, dönmə radiusunun 6 metr olması və s. bu kimi xüsusiyyətləri şəhər daxilində əməliyyatlarda maşına mühüm üstünlüklər qazandırır. 300 at gücündə mühərriklə təchiz edilmiş NMS 4×4 maşının sürəti 140 km/saat, gediş ehtiyatı 700 km təşkil edir.

Sərgi çərçivəsində “Nurol Makina” şirkəti ilə Qətər Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı arasında yeni maşın tədarükünə dair memorandum imzalanıb.

Qeyd edək ki, Qətər təhlükəsizlik qüvvələrinin invertarında NMS 4×4 ilə yanaşı “Əjdər Yalçın” zirehli maşınları yer alır.