04/01/2017 17:26

OMTAS tank əleyhinə raketləri döyüş maşınlarına qurulacaq -VİDEO

Türkiyənin ROKETSAN şirkəti tərəfindən yaradılmış OMTAS orta mənzilli tank əleyhinə raket zirehli nəqliyyat vasitələrinin silahlanmasına daxil ediləcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Zirehli maşınlara inteqrasiya olunacaq OMTAS raketləri tank və zirehli texnikalara qarşı daha effektiv mübarizə aparmaq imkanı qazandıracaq.

Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) BRDM-2 zirehli kəşfiyyat döyüş maşınının üzərində OMTAS və UMTAS tank əleyhinə idarəolunan raketlərlə silahlandırılmış döyüş qülləsini nümayiş etdirib. Bu sistemin 2017-ci ildə Azərbaycan Ordusunda silahlanmaya qəbulu planlaşdırılır. Kompleksin üzərində 4 ədəd döyüşə hazır raket və elektro-optik cihazlar yerləşir. Qüllə 360 dərəcə ətrafda -10, +35 dərəcə vertikal bucaq altında atəş açmağa imkan verir.

OMTAS-ın mənzili 200-4000 metr, UMTAS-ın mənzili isə 500-8000 metrdir.