22/01/2019 18:42

Ordu sıralarından ehtiyata buraxılan gənclərlə görüşlər keçirilib

Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gənclərlə görüşlər keçirilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat mərkəzindən məlumat verilib.

SHXÇDX-nin yerli idarələrinin təşkilatçılığı ilə keçirilən görüşlərdə həqiqi hərbi xidməti yenicə başa vurmuş gənclər, onların valideynləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və rayon rəsmiləri iştirak ediblər.

Çıxış edənlər Azərbaycanda ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar. Xidməti şərəflə başa vuran hərbi qulluqçulara təşəkkürlərini çatdırıblar. Bildirilib ki, gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Ordusu işğal altında olan torpaqları mənfur düşməndən azad etməyə hər an hazırdır.

Görüşlərdə ehtiyata buraxılan hərbi vəzifəlilərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr, ehtiyatda xidmət və sair izah olunub, fikir mübadiləsi aparılıb.

Ordu sıralarından ehtiyata buraxılan gənclər də öz növbələrində Vətən naminə hər an silaha sarılmağa, işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.