08/07/2018 16:12

Ordumuz silahlarını dəyişir – hərbi paradda yeni avtomat və tapança-pulemyotlar – FOTOLAR

AR-15 avtomatı silə silahlanmış hərbi qulluqçular

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibəti ilə Bakı şəhərində keçirilmiş hərbi parad məlum olduğu kimi ordunun son illərdə sahib olduğu bir sıra yeni silah və texnikaların nümayişi ilə diqqət çəkdi.

Paradda nümayiş etdirilən hərbi texnikaların bir çoxunun texniki göstəriciləri barədə həmin ərəfədə yazılar dərc olunub. “AzeriDefence” bu yazısında ordumuzun şəxsi heyətinin paradda nümayiş etdirdiyi atışcı silahlardan bəhs edir.

Həm 2013, həm də 2018-ci ilin hərbi paradları və sonrakı dövrlərdə keçirilən təlim və nümayişlərdən belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan Ordusu silahlanmadakı sovet istehsalı “Kalaşnikov” avtomatlarını və digər atıcı silahları hələ bir müddət saxlamaqla, atıcı silah arsenalını yeni silahlar hesabına yeniləmə xəttini tutub. Lakin görünən həm də budur ki, silahların dəyişdirilməsinə baxmayaraq kalibrlər olduğu kimi saxlanılır. Məsələn, yeni istifadəyə qəbul edilmiş AR-15 “Aztex” hücum tüfəngi dizayn və texniki xarakteriskalarına görə ABŞ ordusunun istifadəsindəki AR-15-in bənzəri olsa da 7.62×39 sovet kalibrli patronlardan istifadə edir. Eləcə də bu fikirləri İsrail istehsalı olan X-95 avtomatı və “Negev” pulemyotu barədə demək olar.

2013-cü il. Hərbi paradda “Negev” pulemyotu ilə keçid edən OCC bölməsi

Hesab edirik ki, bu bir neçə səbəbdən qaynaqlanır:

  • Ordunun mövcud anbar ehtiyatlarının sovet kalibrində olması;
  • Yerli hərbi sənayenin istehsal xəttinin sovet kalibrlərinə uyğun qurulması;
  • Qarşıya qoyulan tapşırıqların icrası zamanı düşməndən qənimət götürülən sursatlardan da istifadə perspektivləri;
  • Həmsərhəd regionda Türkiyə istisna olunmaqla, sovet kalibrli sursatların istifadəsi.

Azərbaycan Ordusu silahlanmasında yer alan xarici istehsal avtomatları ilk dəfə 2008-ci il hərbi paradında nümayiş etdirib. İsrailin “Israel Weapon Industries” (IWI) şirkətinin istehsalı olan TAR-21 “Tavor” avtomatları sonrakı parad və xüsusi təlimlərdə ordu, Daxili Qoşunlar və Sərhəd Qoşunlarının silahlanmasında göründü. 2013-cü il hərbi paradında isə yenə həmin şirkətin istehsalı olan UZİ tapança-pulemyotları və “Negev” pulemyotları, habelə Türkiyə istehsalı olan MP-5 tapança-pulemyotları yer aldı.

MP-5 tapança-pulemyotu ilə silahlanmış xüsusi təyinatlılar


Bu ilki hərbi paradda keçid edən şəxsi heyətin silahlanmasında Daxili Qoşunların bölməsi (AKS-74) istisna olunmaqla IWI “Tavor” X-95, AR-15 “Aztex”, EM-14 avtomatları, MP-5 və UZİ tapança-pulemyotları yer alıb.

5.45×39 mm sovet və 5.56×45 mm NATO kalibrli patronlardan istifadə edən X-95 avtomatı bullpap dizayna əsaslanır. Çəkisi 3.3 kq, lüləsinin uzunluğu 330 mm-dən 380 mm-dəkdir. 16 dövlətin xüsusi təyinatlı bölmələrinin və polisinin silahlanmasına daxil olan bu avtomatda mexanizm dəyişikliyini (lülə, daraq və zərbə-tətik mexanizmi) etməklə fərqli kalibrli patronlardan istifadə eləmək mümkündür. Postsovet məkanında bu avtomat yalnız Azərbaycan və Gürcüstanın silahlanmasında yer alır. Paradda hərbi qulluqçulara verilmiş X-95 avtomatlıarı Mepro MOR nişangahları ilə dəstləşdirilib.

Əsas yeniliklərdən biri də ordunun silahlanmasına yeni daxil olmuş AR-15 “Aztex” avtomatıdır. Xarici dizayn olaraq ABŞ-ın məşhur AR-15/M-16 avtomatlarına bənzəyən AR-15 “AzeriDefence”nin əldə etdiyi məlumata görə, yerli şirkətlərdən birinin Belarus şirkəti ilə müştərək istehsalıdır. Avtomat 7.62×39 mm sovet patronlarından atəş açır. Avtomat Meprolight M21 kollimator nişangahla dəstləşdirilib.

Teleskopik qundaqla təchiz edilmiş avtomatın üzərində aksesuarları rahatlıqla əlavə etməyə imkan verən pikatinni tamasaları yerləşdirilib. Avtomat “Kalaşnikov” avtomatının standar daraqlarından istifadə edir.

AR-15 avtomatı yan qaz mühərriklə təchiz edilib. Bu zaman barıt qazları lülədə olan dəlik vasitəsi ilə qaz porşeninə daxil olaraq onun qısa gedişini təmin edir. Bunun da mövcud amerika modellərində mövcud olan döyüş sursatlarının ilişməsi kimi problemi aradan qaldırdığı iddia olunur.

AR-15 avtomatı silə silahlanmış hərbi qulluqçular

Çəkisi 4.56 kq, ümumi uzunluğu 985 mm, lüləsinin uzunluğu 406 mm təşkil edən silahda optik nişangahla atəş uzaqlığı 1000 metr olaraq bildirilir.

Yerli istehsal EM-14 avtomatı ilə silahlanmış DTX-nin hərbi qulluqçuları

Paradın digər yeni silahı isə Dövlət Təhlükəsizlik Komitəsinin hərbi qulluqçularının silahlanmasındakı Azərbaycan MSN istehsalı olan EM-14 avtomatı olub. MSN mühəndisləri tərəfindən 2015-ci ildə təqdim edilən EM-14 avtomatında 6 pilləli teleskopik qundaq tətbiq edilib və bu da silahın döyüşçünün bədən anatomiyasına uyğunlaşmasına, eləcə də silahın uzunluğunu 90 mm-dək azaltmağa imkan verir. Bundan əlavə, atəş zamanı hədəfdən yayınmanın başlıca problemi olan geriyətəpmə EM-14-də öz həllini tapıb. Bu da silahda tətbiq edilmiş xüsusi konstruksiya hesabına mümkün olub və nəticə etibarı ilə dəqiq atəş açmaya kömək edir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, 5.56×45 mm NATO kalibrli patronlardan istifadə edən EM-14 avtomatının uzunluğu 990 mm, lüləsinin uzunluğu 415 mm, ağırlığı 3.8 kq, effektiv atış məsafəsi 500 metrdən çoxdur.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusu yerli istehsal olan İST-14.5 antimaterial, 7.62×51 mm “Yalquzaq” snayper tüfəngi, təkmilləşdirilmiş AZ-7.62 avtomatı, 9×19 mm çaplı 4 model tapança, HP-7.62 hücum pulemyotu ilə təchiz edilir. Eyni zamanda Türkiyədən, İsraildən və digər ölkələrdən müxtəlif model və kalibrlərdə snayper tüfəngləri, atıcı silahlar alınaraq silahlanmaya qəbul olunub.