13/09/2017 10:29

Ötən gün Xızıda 156 partlamamış sursat, Lənkəranda 2 tank əleyhinə mina aşkarlanıb – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində sentyabrın 12-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 evin yaxınlığına, 1 əkin və 1 otlaq sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Baxış zamanı 156 ədəd partlamamış hərbi sursat (PHS), 116 ədəd partlamış-yanmış mərmi qalıqları və 977 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 734 000 kv.m (173.40 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 17 gün ərzində Xızıda 4 315 ədəd partlamamış hərbi sursat (PHS), 3 112 ədəd partlamış-yanmış sursat qalıqları və 4 097 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 30 928 759 kv.m (3 092.88 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bunndan başqa, sentyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran şəhərində dəniz sahilində 2 ədəd minanın olması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən agentliyin mütəxəssisləri tərəfindən Lənkəran şəhərində 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minaların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.