29/04/2015 14:28

Ötən il Ermənistanda 954 nəfər pul ödəməklə hərbi xidmətdən imtina edib

Ermənistanda 2014-cü ildə hərbi xidmət keçməkdən yayınmış 954 nəfər qanunla müəyyən olunmuş məbləğdə pul ödəməklə məsuliyyətdən azad olub.“AzeriDefence”nin “Arka” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Parlamentində “Müvafiq qaydaya uyğun olaraq məcburi hərbi xidmətindən keçməyən vətəndaşlar barədə” qanunun müzakirəsi zamanı Ermənistanın diaspora naziri Qranuş Akopyan bildirib.

Onun sözlərinə görə, cari ilibn birinci rübündə daha 61 erməni gənci hərbi məsuliyyətdən pul ödəməklə azad olub.

Q. Akopyan bildirib ki, ötən il hərbi məsuliyyətdən yayınan ermənilər dövlətə 800 milyon dram (təxminən 1.68 milyon ABŞ dolları) vəsait ödəyiblər.

Nazirin sözlərinə görə, Ermənistanda hər il 27 yaşadək olan 900 nəfər pul ödəməklə hərbi xidmətdən yayınma ilə bağlı cinayət məsuliyyətindən azad olur.

Parlametdə müzakirələr zamanı erməni deputatlar qanunu təkrar nəzərdən keçirməyi və hərbi xidmətdən boyun qaçırma üçün ödəmənin məbləğinin artırılmasını təklif ediblər.

Qeyd edək ki, sözügedən qanuna əsasən hərbi xidmətdən yayınmış gənclər 3.8 min dollar ödəyərək məsuliyyətdən azad ola bilər.