31/01/2014 12:03

Ötən il Naxçıvanda 20 təqvim ili xidmət etmiş 16 hərbi qulluqçuya mənzil verilib

Ötən il Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində bir sıra işlər həyata keçirilib. Bu barədə “AzeriDefence” Muxtar Respublikanın Ali Məclisinin saytına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, 2013-cü ildə Muxtar Respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.

2013-cü ildə Naxçıvan şəhərində hərbçilər üçün iki yaşayış binasının, iki anbarın və bir qazanxananın tikintisi, bir yaşayış binasının isə yenidən qurulması başa çatdırılmış, hazırda mərkəzi hərbi xəstəxananın, iki anbarın və bir yaşayış binasının tikintisi davam etdirilir.

Naxçıvan şəhərində hərbi şəhərcikdə xidmət kompleksinin tikintisi başa çatdırılıb. “Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilir.

Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parkın və sursat anbarının inşası, Kəngərli rayonundakı hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması başa çatdırılıb, hazırda Təlim-Tədris Mərkəzinin tikintisi aparılır.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Ordubad rayonundakı hərbi hissədə infrastruktur obyektlərinin və Sədərək rayonunda sərhəd məntəqəsinin təmiri başa çatdırılıb. Bundan əlavə, Naxçıvan şəhərində hərbi hissədə su anbarının inşası davam etdirilir.

2013-cü ildə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilib.