26/02/2018 18:29

“Otokar” 2017-ci ildə 3062 ədəd nəqliyyat vasitəsi istehsal edib

Türkiyənin “Otokar” şirkəti 2017-ci ilin maliyyə nəticələrini açıqlayıb.

“AzeriDefence”nin “Otokar”a istinadən verdiyi xəbərə görə, ötən il şirkətin dövriyəsi 9% artaraq 1,79 milyard Türk lirəsinə (TL) yüksəlib.

2017-ci ilin “Otokar” üçün uğurlu bir il olduğunu qeyd edən şirkətin baş direktoru Sərdar Görgüçün sözlərinə görə, ötən il şirkətin gəlirləri 42,6% artaraq 99,4 milyon lirəyə çatıb. “Otokar”ın 2017 ildəki ixracatı isə 149 milyon ABŞ dolları təşkil edib.

“Bu gün “Otokar” markalı məhsullar 5 qitədə 60-dan çox ölkədə istifadə edilir. Öz rekordunu yeniləyən “Otokar” 2017-ci ildə ümumilikdə 3062 ədəd nəqliyyat vasitəsinin satışını reallaşdırıb. Bununla da şirkət Türkiyə müdafiə sənayesində ən böyük özəl sərmayəli müəssisə olmaqla yanaşı liderliyini qorudu”, – deyə S.Görgüç vurğulayıb.

Bildirilib ki, şirkət ötən il Türkiyənin ən böyük müdafiə ixracı müqaviləsini imzalayıb. Bu saziş “Otokar”ın bir imza ilə ən böyük ixracatıdır. Müqaviləyə əsasən Türkiyənin “Otokar” və BƏƏ-nin “Tawazun” şirkətinin birgə müəssisəsi olan “Əl Jasoor” (Cəsur) şirkəti BƏƏ Silahlı Qüvvələrini 8×8 “Arma” zirehli transportyorları ilə təmin edəcək. 661 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində 700-dən çox zirehli transportyorun BƏƏ Silahlı Qüvvələrinə çatdırılması nəzərdə tutulur. Maşın dünyanın aparıcı şirkətlərinin də qatıldığı seçimdə uzun sürən testlərdən sonra seçilib. BƏƏ-də istehsal edilən maşın “Rabdan” adlanacaq. Baş direktor onu da qeyd edib ki, bu müqavilə ilə şirkət ixrac işlərini texnologiya transferiylə genişləndirib.

Bundan başqa “Otokar” şirkətinin istehsal etdiyi  “Cobra II” zirehli maşınları 2017-ci ildə Quru Qoşunlarının invertarına daxil edilib və BMT sülhməramlı qüvvələrində müvəffəqiyyətlə istifadə olunur.

S.Görgüç bəyan edib ki, “Otokar” “Altay” tankının dizayn, prototip və kalifikasiya müddətində əsas podratçı şirkət olaraq seçilib: “dizayn və prototip dövründə əldə etdiyimiz gücümüzü, təcrübəmizi seriya istehsal mərhələsinə də daşımaq ən böyük arzumuzdur. Seriyalı istehsal üçün hazırladığımız təklifimizi Müdafiə Sənayesi Katibliyinə (SSM) təqdim etdik. “Altay” tankını milli olaraq hazirladiq, seriya istehsali üçün vəzifəyə haziriq”, – deyə S.Görgüç bəyan edib.