10/02/2019 01:27

“Otokar” 2018-ci ildə ixracını iki dəfə artırıb   

Türkiyənin “Otokar” şirkəti 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb.

“Otokar”dan “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci ildə şirkətin dövriyəsi 1.679 milyard Türk lirəsinə (TL) yüksəlib.

2016 və 2017 ci illə müqayisədə daha çətin bir ili geridə buraxdıqlarını deyən “Otokar”ın baş direktoru Sərdar Görgüçün sözlərinə görə, ötən il şirkətin gəlirləri 65% artaraq 164 milyon lirəyə çatıb. “Otokar”ın 2018-ci ildəki ixracatı isə 99% artaraq 211 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə şirkətin gəlirləri 42,6% artaraq 99,4 milyon lirəyə çatıb. İxracatı isə 149 milyon ABŞ dolları təşkil edib.

“Bu gün “Otokar” markalı məhsullar 5 qitədə 60-dan çox ölkədə istifadə edilir. Öz rekordunu yeniləyən “Otokar” 2018-ci ildə ümumilikdə 3800 ədəd nəqliyyat vasitəsinin satışını reallaşdırıb. Bununla da şirkət Türkiyə müdafiə sənayesində ən böyük özəl sərmayəli müəssisə olmaqla yanaşı liderliyini qorudu”, – deyə S.Görgüç vurğulayıb.

“Otokar”ın 2019-cu ildə yeni və önəmli hədəflərlə yola çıxdığını qeyd edən S.Görgüç dünya markası olmaq üçün ixraca üstünlük verəcəklərini bildirib.