24/01/2019 21:13

OTOKAR Afrika qitəsində əlaqələrini gücləndirir

Türkiyənin “Otokar” şirkəti Kot dİvorda keçirilən “Shield Africa” beynəlxalq təhlükəsizlik və müdafiə sərgisində iştirak edir.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Sərgidə “Otokar” şirkəti özünün zirehli taktik nəqliyyat vasitələrini və qüllə sistemlərini nümayiş etdririr.

“Otokar”ın zirehli maşınlarının 32 ölkədə xidmət etdiyini deyən şirkətin baş direktoru Sərdar Görgüçün sözlərinə görə, bu günədək istehsal etdikləri 30 mindən çox zirehli maşın Afrika, Asiya, Yaxın Şərq və Mərkəzi Avropa ölkələrində istifadə olunur.

“Afrika əsas bazarlardan biridir və biz qitədəki varlığımızı artırmağı planlaşdırırıq. Bu, “Shield Africa” sərgisində ilk iştirakımızdır və biz bunun əlaqələrimizi gücləndirmək üçün yaxşı bir fürsət olacağına inanırıq”, – deyə Görgüç deyib.

Görgüç “Otokar”ın qeydiyyatdan keçmiş NATO və BMT təchizatçısı olaraq Afrikadakı istifadəçiləri xüsusi ehtiyaclarına uyğun ən müasir avadanlıqlarla təchiz etdiyini vurğulayıb.

Qeyd edək ki, “Otokar” tərəfindən  4×4 “Ural”, “Cobra”, “Cobra II”, “Qaya II”, ISV, “Arma 6×6” və “Arma 8×8” kimi taktik zirehli maşınların, “Tulpar” adlı tırtıllı piyada döyüş maşınlarının istehsalını həyata keçirir.

“Otokar”ın məhsul portfelinə 7.62 mm-dən 30 mm-dək pulemyot və toplarla silahlandırılmış “Mizraq”, “Bozok”, “Başok”, “Ucok” və “Kəskin” adlı məsafədən idarə olunan qüllələr də daxildir.