17/11/2017 23:07

“Otokar” “Altay” tankının seriyalı istehsalı ilə bağlı təklifini verdi

Türkiyənin “Otokar” şirkəti dizayn və prototipini yaratdığı “Altay” əsas müharibə tankının seriyalı istehsalı ilə bağlı təklifini bu gün Müdafiə Sənayesi Katibliyinə (SSM) təqdim edib.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ildə “Milli İmkanlarla Modern Tank İstehsal Layihəsi”nin birinci mərhələsində “Altay” tankının dizayn, prototip və kalifikasiya işlərinə əsas podratçı şirkət olaraq “Otokar” seçilib.

Qeyd olunub ki, artırılmış davamlılıq qabiliyyəti, hərəkət qabiliyyəti və atış gücü ilə diqqət çəkən “Altay” son 2 ildə hər cür iqlim və ərazi şərtlərində keçiriliən çətin testlərdə üstün səviyyədə performans göstərib. Fərqli ssenarilərdə atış testləri keçirilən “Altay” tankının bütün hava şəraiti və məsafələrdə yüksək vuruş dərəcəsi qeydə alınıb. Birinci mərhələdə hazırlanan prototiplərin kalifikasiya və qəbul testləri 2017-ci ilin fevralında uğurla tamamlanıb, qəbul və təsdiqi reallaşıb.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc “Altay” tankının isrehsalı, ixracı və Türkiyənin müdafiə sənaye qabiliyyətinin güclənməsi üçün bütün imkanlara sahib milli şirkət olraq vəzifəyə hazır olduqlarını bəyan edib: “İstəyimiz “Altay” tankının bir an əvvəl Türkiyə Silahlı Qüvvələrində xidmətə başlaması istiqamətindədir”.

Milli Müdafiə Nazirliyindən istehsala icazə sənədi alan “Otokar” Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün, “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələ çərçivəsində 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək işlərinə dair təklifi də SSM-ə təqdim edib.

Məlumatda o da qeyd olunub ki, “Otokar” həmçinin cari ildə “Altay” tankının asimmetrik müharibə şəraiti üçün modernizə edilən variantı “Altay-AHT”ni hazırlayıb və ilk dəfə IDEF-2017 sərgisində nümayiş etdirib. İxrac potensialı olan “Altay-AHT” şirkətin öz resusları hesabına “Altay” tankının gövdə və qüllə platforması üzərindən inkişaf etdirilib.