30/08/2016 18:01

“Otokar” “Altay” tankının seriyalı istehsalı üçün son təklifini verdi

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə şirkəti olan “Otokar” “Altay” tankının seriyalı istehsalı ilə bağlı son təklifini Müdafiə Sənayesi Katibliyinə (SSM) təqdim edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Otokar” şirkəti məlumat yayıb.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, şirkət “Altay” tankının istehsalına dair ilk təkliflərini 2016-cı ilin yanvar ayında Müdafiə Sənayesi Katibliyinə (SSM) təqdim etmişdi. “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələ çərçivəsində 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək işlərinə dair təklif yanvarın 18-də SSM-ə təqdim olunub.

“Şirkətimiz ilə SSM arasında imzalanan “Milli İmkanlarla Modern Tank İstehsalı Layihəsi”nin birinci mərhələsində Türk Əsas Müharibə Tankının dizaynı və prototipin istehsalı müqaviləsi çərçivəsində həyata keçirilən fəaliyyətlərdə işlər davam edir. Prototiplərin istehsalı tamamlanıb”, – deyə S. Görgüc qeyd edib.

“Altay” bütün testlərdən uğurla keçib və kütləvi istehsal üçün sifariş gözləyir.

İlkin olaraq, Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları qarşılanacaq. Bundan sonra ixrac istiqamətində işlərə başlanılması nəzərdə tutulur.

“Türkiyə müdafiə sənayesinə yeni texnologiyalar və qabiliyyətlər qazandıran “Altay” ilə ölkəmizin müdafiə sənayesindəki kənara asılılığı əhəmiyyətli dərəcədə azalacaq. “Altay”ın bütün dizayn və mülkiyyət haqları Türkiyəyə aid olacaq. Yüz faiz milli kapitala malik bir istehsalçı olaraq insan resursumuz, təcrübəmiz, məlumat təcrübəmiz və texnologiyamızla üzərimizə düşəni ən yaxşı şəkildə yerinə yetirməyə hazırıq. Seriyalı istehsala başlayandan sonra “Altay”ın fərqli ölkələrdən də tələblər görəcəyinə, hətta dost və müttəfiq ölkələrin layihəyə qatılması ilə fərqli coğrafiyalarda da istehsalın təşkilinin mümkünlüyünə də inanırıq, – deyə Görgüc əlavə edib.