28/10/2019 14:59

“Otokar” “Cobra II” zirehli ambulansını Bəhreyndə nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti Bəhreyndə keçirilən BIDEC-2019 (Bahrain International Defence Exhibition & Conference) sərgisinə qatılıb.

“Otokar” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, şirkət bu gün işə başlayan sərgidə “Cobra II” zirehli maşınının ambulans versiyasını, “Ural” zirehli maşınının personal daşıyıcı və 6×6 təkər formullu “Arma” zirehli maşınının amfibiya tipli personal daşıyıcı versiyasını nümayiş etdirir.

“Otokar”ın baş direktoru Sərdar Görgüç bildirib ki, hazırda rəhbərlik etdiyi şirkətin istehsal etdiyi 32 mindən artıq hərbi nəqliyyat vasitəsi dünyanın 35-dən çox ölkəsində istifadə olunur.

İstehsal etdikləri müxtəlif tipdə hərbi nəqliyyat vasitələrinin 2000-ci illərin əvvəllərindən Körfəz ölkələrində xidmətdə olduğunu vurğulayan S. Görgüç 2016-cı ildə qurulan “Otokar Land Systems” şirkəti ilə bu bölgədəki ixracat fəaliyyətlərini artırmağı hədəflədiklərini bildirib.

“Bu gün “Otokar” ixracat bazarlarında sadəcə maşın istehsalçısı olaraq deyil, həm satış sonrası xidmətin təşkili, həm də texnologiya transferi ilə də fərq yaradır”, – deyə Görgüç vurğulayıb.

BIDEC 2019 sərgisində nümayiş etdirilən “Cobra II” zirehli və minaya qarşı qorumalı ambulans “Otokar”ın son məhsullarındandır. Hazırda Türkiyədə və xaricdə istifadə edilən “Cobra II” minaya və atıcı silahlara qarşı qoruması, çətin ərazi şərtlərində yüksək manevr imkanları ilə fərqlənir. Yüngül çəkisi palçıqlı yerlərdə yüksək performans göstərərək döyüş meydanının dərinliyinə qədər daxil olub, təhlükəli bölgədən yaralı təxliyəsi və təcili tibbi müdaxilə yerinə yetirməyə imkan verir. Standart “Cobra II”nin yüksəkliyi və genişliyi ambulansın texniki tapşırıqlarına uyğun olaraq artırılıb və maşına geniş daxili həcm yaradılıb. Maşının arxa qapısı ambulans istifadəsi üçün xüsusi olaraq rampa şəklində dizayn edilib. “Cobra II” ambulans sürücü, komandir və tibbi personaldan əlavə olaraq 2 oturan və 1 yatan, yaxud 2 yatan yaralını götürə biləcək şəkildə konfiqurasiya olunub.