12/09/2017 14:35

“Otokar” DSEI-2017 sərgisində “Arma” 8×8 zirehli maşının təqdim edəcək

Türkiyənin “Otokar” şirkəti 12-15 sentyabr tarixlərində Londonda keçiriləcək DSEI-2017 beynəlxalq müdafiə sərgisində “Üçox” qülləsi ilə silahlandırılmış “Arma” 8×8 təkər formuluna malik zirehli maşınını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Məlumatda 2017-ci ilin əvvələrində mühüm ixracat müqaviləsi imzalandığını bildirən “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç qeyd edib ki, Türkiyədə müdafiə sənayesi məhsulları ilə yanaşı milli innovasiya və texnologiya sayəsində də öz töhvəsini verən “Otokar”ın istehsal etdiyi məhsullar beynəlxalq aləmdə maraqla qarşılanır: “Bunun ən gözəl nümunələrindən biri də bu ilin ilk aylarında Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanan böyük ixracat müqaviləsidir. İngiltərədə də bu müqavilədə yer alan “Arma” zirehli maşınımızı nümayiş etdirəcəyik. Bu nailiyyətlərimizi “Otokar”ın ölkəmiz üçün strateji əhəmiyyətə malik hər cür layihədə uğurlar həyata keçirəcək özəlliklərə malik olduğunun bir göstəricisi kimi qiymətləndiririk”.

Şirkətin mütəxəssislərinin sözlərinə görə, yüksək taktiki və texniki xarakteriskalara malik yeni nəsil çox təkərli modulyar zirehli maşın olan “Arma” üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü balistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşınlar orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma” 8×8  döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir.

Döyüş ağırlığı 24000 kq olan maşın 6 silindirli, su soyutumlu turbo dizel mühərrikə sahibdir və 336 at gücündədir. Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyyatı 700 km təşkil edir. “Arma” 8×8 transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşyır. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb.

“Arma” 8×8 modelinin zirehli personal daşıyıcı, zirehli döyüş maşını, minaatan maşını, aşağı və orta yüksəklikdə hava hücumundan müdafiə maşını, istehkam maşını, zirehli təxliyyə, komanda nəzarət, KBRN kəşf və kəşf maşını kimi fərqli tapşırıqlara uyğun versiyaları mövcuddur. “Arma” 8×8 maşınları deşilən təkərləri mərkəzi təkər doldurma sistemi (CTİS) ilə bərba edir.

“Otokar” mütəxəssislərinin sözlərinə görə, “Arma” ehtiyaclara uyğun olaraq fərqli silah və qüllə sistemləri ilə təchiz oluna bilir.

DSEI-2017 beynəlxalq müdafiə sərgisində “Otokar” stendində Arma” 8×8 zirehli maşınının üzərində nümayiş olunacaq “Üçox” qülləsi 12.7 mm çaplı və 7.62 mm-lik pulemyot və ya 40 mm-lik minaatan ilə silahlandırılır. Qülləyə inteqrasiya olunan nişangaha termal kamera, CCD kamera və məsafə ölçən lazer sistemi quraşdırılıb.

Məlumatda o da qeyd olunub ki, DSEI-2017 beynəlxalq müdafiə sərgisində 100 ölkədən 30 mindən artıq ziyarətçinin iştirakı gözlənilir.