24/04/2019 21:29

“Otokar” elektrik mühərriki ilə işləyən “Əqrəb II” zirehli maşınını təqdim edir – FOTO

Türkiyənin “Otokar” şirkəti “Əqrəb II” adlı yeni nəsil zirehli maşınını təqdim edib.

“Otokar” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə,  Türkiyənin ilk elektrikli zirehli maşını olan “Əqrəb II”nin təqdimatı şirkətin Sakaryadakı fabrikində keçirilib.

“Otokar”ın baş direktoru Sərdar Görgüç bildirib ki, yeni yaradılan “Əqrəb II” “Otokar” şirkətinə elektikli maşın texnologiyasının hərbi maşınlara uyğunlaşdırılması istiqamətində bilgi və təcrübə qazandırıb. Eyni zamanda bu maşın Türkiyənin hərbi tipli elektrik, hibrit və avtonom maşınlar sahəsində ilk addımları olacaq.

Sərdar Görgüç bildirib ki, son 20 ildə dünyada dəyişən təhdidlər səbəbindən silahlı patrul, kəşfiyyat və qarşıdurmalarda istifadə edilən nəqliyyat vasitələrinə olan ehtiyac artıb: “Bütün bunlar nəzərə alınaraq “Əqrəb II” istifadəçilərimizin hər cür kəşfiyyat və müşahidə əməliyyatları başda olmaqla bir çox silah sistemi inteqrasiyasına imkan verən kiçik siluetli, yüksək ballistik qorumalı zirehli maşın ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanıb. Yüksək atış gücü, üstün qoruma və davamlılıq qabiliyyəti, kiçik siluet, yüksək hərəkət və manevr imkanları ilə “Əqrəb II”nin xüsusilə ixrac bazarlarında müvəffəqiyyət göstərməsini gözləyirik”.

Modulyar platformaya sahib “Əqrəb II” kəşfiyyat və müşahidə etmə sistemlərinə uyğun avadanlıqlarla təchiz edilib. “Əqrəb II” yüksək təsbit və tanıma imkanı ilə əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər. “Əqrəb II”nin xüsusi bir konfiqurasiyası aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayiş etdiriləcək. Elektrik mühərrikli “Əqrəb II” taktik performans, yüksək sürət və səsizlik avantajlarını bir arada təqdim edir.

Sərdar Görgüç bildirib ki, “Otokar”ın hədəfi “Əqrəb II”nin Türkiyənin texnologiya ixracında qabaqcıl məhsullardan biri olmasıdır.