02/12/2019 15:29

“Otokar” müdafiə sənayesindəki imkanlarını Latın Amerikasında tanıdır

Türkiyənin “Otokar” şirkəti 2-4 dekabr tarixlərində Kolumbiyanın Bogota şəhərində keçirilən “Expodefensa-2019” sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar”ın baş direktoru Sərdar Görgüç bildirib ki, “Otokar” həm bu günün, həm də gələcəyin təhdidlərinə qarşı hazırladığı və istehsal etdiyi geniş məhsul çeşidi ilə gündən-günə dünya müdafiə sənayesindəki mövqeyini gücləndirir: “Hazırda bu bölgədə xidmət edən hərbi maşınlarımızla Latın Amerikası bazarının ehtiyac və tələblərini qarşılamaq istiqamətində uzun bir yol qət edilib.

“Expodefensa” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsi üzrə dünyada məşhur olan məhsullarımızın geniş çeşidini, həmçinin texnologiya transferi də daxil olmaqla fərqli əməkdaşlıq imkanlarını dəyərləndirəcəyik”.

S.Görgüç bildirib ki, “Otokar” hərbi nəqliyyat vasitələrini 5 qitədə 35-dən çox ölkəyə ixrac edir. Baş direktor qeyd edib ki, “Otokar” eyni zamanda NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısıdır. “Otokar”ın 32 mindən artıq maşını fərqli coğrafiyalarda, çətin iqlim şərtlərində və riskli bölgələrdə aktiv olaraq xidmət göstərir.