06/11/2017 20:17

“Otokar” şirkəti zirehli maşınlarını beynəlxalq sərgidə nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti 6-9 noyabr tarixlərində Taylandın paytaxtı Banqkok şəhərində keçirilən Müdafiə və Təhlükəsizlik Sərgisində zirehli maşınlarını nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Bildirilib ki, 50 fərqli ölkədən 400-dən artıq şirkətin iştirak etdiyi sərgidə “Otokar” hərbi texnikalarını tanıdaraq istifadəçilərə məlumat verir.

“Otokar” mühəndisləri tərəfindən hazırlanan məhsulların beynəlxalq arenada çox böyük maraqla qarşılandığını deyən şirkətin baş direktoru Sərdar Görgüç bildirib ki, Asiya regionu da “Otokar”ın hədəf bazarları arasında yer alır: “ Bölgədə “Ural” və “Cobra” kimi fərqli tipli zirehli maşınlarımız aktiv olaraq xidmət göstərir.

Mövcud istifadəçilərimizin invertarında yer alan “Otokar” maşınlarını fərqli tipdə maşınlarla genişləndirmək və yeni istifadəçilərlə ortaq istehsal, texnologiya transferi kimi fərqli seçimlər də daxil olmaqla birlikdə işləmək fürsətləri yaratmağı hədəf seçmişik. Buna görə də, Taylandda keçirilən bu sərgi bizim üçün çox önəmlidir”.

Türkiyənin ilk milli tankı olan “Altay”ın seriyalı istehsalı haqqında açıqlama verən S.Görgüç bildirib ki, tender prosesi üçün lazımı hazırlıqlar aparılır: “Altayın istehsalı, ixracı və ölkəmizin müdafiə sənayesi qabiliyyətlərinin güclənməsi üçün bütün imkanlara malik milli bir şirkət olaraq vəzifəyə hazırıq”.