14/10/2017 16:43

“Otokar” şirkəti zirehli maşınlarını BİDEC-2017 sərgisində nümayiş etdirəcək

Türkiyənin “Otokar” şirkəti 16-18 oktyabr tarixlərində Bəhreyndə keçiriləcək BİDEC-2017 beynəlxalq müdafiə sərgisində özünün “Arma 6×6”, “Ural” və “Cobra” zirehli maşınlarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar”ın Şərqi və Mərkəzi Avropa ölkələrindən Afrikaya qədər dünyanın müxtəlif ölkələrində 30 mindən çox hərbi texnikanın istifadə edildiyinin qeyd edən şirkətin baş direktoru Sərdar Görgüç “Otokar” mühəndisləri tərəfindən hazırlanan məhsulların beynəlxalq arenada çox böyük maraqla qarşılandığını bildirib.

“Dünyanın 5 qitəsində 30 ölkədə türk mühəndislərin hazırladığı “Otokar” məhsullarından istifadə edilir. Bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin sifarişləri istiqamətində reallaşan 8×8 zirehli maşınların satılması ilə bağlı müqaviləmiz, qlobal miqyasdakı digər təcrübələrimiz, mühəndis layihələrimiz,  “Ar-Ge” və texnologiya transfer qabiliyyətimizi daha da artıraraq yeni bir mərhələyə qədər yüksəltmişik. Bu sərgi zamanı regionda mövcud olan nüfuzumuzu daha da artırmaq və yeni ixrac imkanları qazanmağı düşünürük. Bu istiqamətdə, regionda daha fəal olmaq məqsədiylə 2016-ci ildə yaratdığımız “Otokar Land Systems” şirkətimizin mühüm rol oynayacağına inanırıq”, – deyə baş direktor əlavə edib.

“Arma 6×6”

“Otokar”ın “BIDEC-2017″də təqdim edəcəyi, yüksək taktiki və texniki xarakteriskalara malik yeni nəsil çox təkərli modulyar zirehli maşını “Arma 6×6” üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü balistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşın orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur. Həmçinin “Arma” 6×6 transportyoru tank əleyhinə və orta yüksəklikdə uçan obyektlər əleyhinə raketlər ilə təchiz oluna bilir. “Arma 6×6” döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma”nın fərqli konfiqurasiyaları mövcuddur.

“Ural”

Təhlükəsizlik qüvvələri üçün xüsusi olaraq hazırlanan “Ural” zirehli transportyoru üstün hərəkət qabiliyyəti və yüksək qoruma səviyyəsinə malikdir. 4×4 təkər formulu üzərində yaradılan “Ural”ın müxtəlif versiyaları var. Maşın 7.62 mm silahlara uyğun distans idarə olunan silah sistemi, 360 dərəcə dönən və məsafədən idarəolunan kamera və yaddaş sistemi, 3 qapılı konfiqurasiyada 10 nəfərlik, 5 qapılı konfiqurasiyada isə 9 nəfərlik oturacaqla təchiz olunub. Maşının monoblok gövdəsi və divarları minaya və güllələrə qarşı daha üstün qorumaya sahibdir.

Sərgidə nümayiş olunacaq “Cobra” zirehli maşını isə öz sinfində yüksək balistik, mina və əldəqayırma partlayıcılara qarşı qorumanı təmin etməklə bərabər həm də bir platformanın fərqli əməliyyat tapşırıqlarına uyğunlaşdırıla bilməsi ilə məşhurdur. Maşının döşəməsi heyəti piyada və tank əleyhinə minaların partlamasından mühafizə edir. Daxildə qurulmuş xüsusi oturacaqlar mina partlayıışı zamanı təsiri azaldaraq heyətin xəsarət almasını önləyir. Polad zirehli döşəməyə əlavə olaraq ekipaj bölməsinin döşəməsində minanın təsirini udan kompozit materiallardan ikinci qat balistik qoruma artırılıb. “Cobra”nın içi minaya qarşı güclü qorumanı təmin edir. Zirehli transportyorun kiçik ölçülü akustik və termal izi onun düşmən tərəfindən təsbit edilməsini çətinləşdirir.

“Cobra”

 

Monokok tipli gövdə dizaynı və yan divarın bucaqları maşının balistik qorumasını daha da artırır və zirehdələn güllələrə qarşı dayanıqlıq verir. Eyni zamanda daha böyük kalibrli güllələri səkdirməyi bacarır. Hər cür tapşırıqların icrasında istifadə oluna bilən “Cobra”nın modulyar arxitekturası onun bütün tapşırıqlarda istifadəsinə imkan verir. Maşının tipinə və əməliyyat tapşırıqlarına uyğun olaraq gecə görmə periskopları və ya termal atış kontrol sistemləri ilə inteqrasiya olunmuş 7.62 və ya 12.7 mm-lik pulemyotlar, 40 mm-lik avtomatik qumbaraatanlar, 20 mm-lik top, tank və ya zenit raket kompleksləri ilə silahlandırılmış qüllələrin inteqrasiyası mümkündür.