27/04/2012 16:37

“Otokar” şirkəti ötən il Azərbaycana 123 ədəd hərbi nəqliyyat vasitəsi satıb

Türkiyənin “Otokar” şirkəti tərəfindən ötən il Azərbaycan Sərhəd Qoşunlarına 123 ədəd müxtəlif tipli hərbi nəqliyyat vasitəsi çatdırılıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi məlumat yayıb.

Türkiyə Müdafiə Sənayesi Katibliyinin qurumun 2011-ci ildəki fəaliyyətinə dair hesabatında yer alan məlumata görə, “Otokar” şirkəti 20,7 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində Azərbaycan tərəfinə 35 ədəd “Cobra” tipli zirehli döyüş maşını, 37 ədəd ZPT tipli zirehli personal daşıyıcı və 51 ədəd “Land Rover” tipli nəqliyyat vasitəsi satıb.

Hesabatda o da qeyd olunub ki, “Otokar” da daxil olmaqla, Türkiyənin müdafiə sektorunda fəaliyyət göstərən 3 hərbi şirkət 2010-cu ilin sonlarında Azərbaycan Sərhəd Qoşunları ilə ümumi dəyəri 300 milyon ABŞ dollarından çox olan müqavilə imzalayıb.

Müqavilələr üzrə çatdırılmalar davam edir.