11/06/2018 16:02

“Otokar” “Tulpar” yüngül tankını ilk dəfə Parisdə sərgiləyir

Türkiyənin “Otokar” şirkəti Fransanın paytaxtı Paris şəhərində keçirilən “Eurosatory-2018” beynəlxalq müdafiə sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirir.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, ilk dəfə sərgidə “Otokar” döyüş meydanında tanklara atəş dəstəyi üçün nəzərdə tutulan “Tulpar” piyada döyüş maşınını (PDM) nümayiş etdirib.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, bu günün və gələcəyin təhdidlərinə qarşı hazırlanan və istehsal olunan “Otokar”ın 30 mindən artıq hərbi maşınları 5 qitədə 50-dən artıq istifadəçinin invertarında aktiv olaraq xidmət göstərir: “Zirehli maşınlar və xüsusiylə əsas müharibə tankının dizaynı və hazırlanması sahəsindəki təcrübəsini daşıyırıq. Müasir ordularda kəşfiyyat və atəş dəstəyi maşını kimi aktiv fəaliyyət göstərən yüngül sinif tankları dəyişən müharibə şəraiti və fərqli təhdidləri nəzərə alsaq, sektorda artan bir ehtiyac olaraq qarşımıza çıxır”.

S.Görgüc bildirib ki, “Tulpar” yüngül tankın əsas hədəfi ixrac bazarıdır: “Dünyanın müxtəlif regionlarındakı müştərilərimizin istəklərini nəzərə alaraq milli imkanlar hesabına, ilk dəfə Parisdə sərgilədiyimiz “Tulpar” yüngül tankını yaratdıq. Yaxın zamanlarda yüngül tankların ordu invertarında daha tez-tez görüləcəyinə inanırıq”.

“Tulpar” paletli döyüş maşını adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi qanadlı atdan alıb. “Tulpar”  iyirmi birinci əsrin tələbləri çərçivəsində tanklar ilə birlikdə tapşırıqları yerinə yetirə biləcək. “Tulpar” PDM hərəkət qabiliyyəti, atəş gücü və davamlılıq xüsusiyyətləri ilə diqqət çəkir. Avtomatik doldurma silah sistemi, yüksək təzyiqli 105 mm tank topu ilə bütün 105 mm NATO sursatı və “Falarick” 105 mm tank əleyhinə idarə olunan mərmiləri ilə atış edə bilir. Stabilləşdirilmiş və gecə/gündüz termal kamera sistemləri ilə təchiz edilən atış nəzarət sistemi ilk atışdan hədəfi dəqiq vurmağa imkan verir. Bir və ya daha çox hədəfi müəyyən etmək bacarığı var. Yüngül tanka avtomatik doldurma qabiliyyətinə malik “CMI Cockerill 3105” qülləsi inteqrasiya olunub. “Tulpar” üstün hərəkət qabiliyyəti sayəsində, əsas müharibə tanklarının ağırlıqları səbəbiylə xidmət göstərə bilmədikləri ərazi şərtlərində, dar küçələr və yüngül körpülərin yer aldığı şəhərlərdən ağaclıq ərazilərə qədər hər cür döyüş şəraitində istismar oluna bilir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, ən sərt iqlim, ağır ərazi şərtlərində test edilən “Tulpar” müasir və davamlı zirehlə təchiz olunub. Ballistik və mina qorumalı döyüş maşınına müxtəlif aktiv qoruma sistemlərinin inteqrasiyası mümkündür. Zirehli döyüş maşınının ağırlığı 32 ton, şassi yolda sürəti 90 km/saat təşkil edir. 2.6 metr dərinliyində xəndəkləri, 0.8 metr hündürlüyündə maneələri dəf etməyi bacarır. Komandir, tuşlayıcı və sürücü daxil 12 nəfəri daşıyan “Tulpar” kəşfiyyat, tibbi yardım və başqa təyinatlar üzrə istifadə oluna bilər.

“Otokar”ın stendində həmçinin Türkiyə mühəndisləri tərəfindən istehsal olunan üstün hərəkət qabiliyyəti ilə yanaşı ballistik və minaya qarşı qorumaya sahib “Arma”, “Cobra II”, “Kaya II”, “Cobra” zirehli maşınları və qüllə sistemləri nümayiş etdirilir.