08/05/2013 16:49

Otokar yeni texnikalarını sərgilədi –FOTO

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan Otokar İstanbulda keçirilən İDEF-2013 sərgisində özünün təkərli və paletli nəqliyyat vasitələri və atış qüllələri daxil olmaqla 16 adda məhsulunu nümayişə çıxarıb.“AzeriDefence”nin məlumatına görə, sərgidə ilk dəfə olaraq Cobra ailəsindən yeni nəsil nəqliyyat vasitəsi olan Cobra II, təhlükəsizlik və polis qüvvələri üçün nəzərdə tutulan 4×4 təkər formullu Ural, paletli piyadaların döyüş maşını Tulpar, 8×8 təkər formulu Arma 105 mm çaplı qüllə ilə, həmçinin Otokarın Basok, Ucok və Bozok adlı yeni qüllə sistemləri nümayiş etdirilir.

Bundan başqa, Otokar stendində Altay tankının atış testləri aparılan prototipi, minaya qarşı qorumalı Kale və Kaya II personal daşıyıcıları, həmçinin müxtəlif qüllələrlə silahlandırılmış, müxtəlif əməliyyatlar üçün nəzərdə tutulan Cobra transportyoru, ZPT, Land Rover Defender 110, Land Rover Defender 130 nəqliyyat vasitələri sərgiyə çıxarılıb.

Otokar şirkətinin baş direktoru Sərdar Görgücün sözlərinə görə, təmsil etdiyi şirkət Türkiyənin ilk taktik nəqliyyat vasitəsini 1966-cı ildə, ilk zirehli maşınını 1983-cü ildə, ilk zirehli hərbi maşınını 1990-cı ildə istehsal edib. 1993-cü ildə Türkiyə özünün ilk zirehli maşınını ixrac edib.

Altay tankı barədə məlumat verən şirkət rəhbərinin sözlərinə görə, ötən ilin noyabr ayında tankın ilk prototipi tanıdılıb. Hərəkət testlərində iştirak edən ilk prototip bu günə qədər 3000 km-dən çox yol qət edib. Mart ayında Sarıqamışda qış testlərini keçib. Tankın ikinci prototipi isə 2012-ci ilin dekabr ayından atış testlərindədir.

“Testlərdə alınan nəticələri Altay tankını mükəmməlləşdirmək üçün istifadə edirik. Tamamlandığında dünyanın ən modern və üçüncü nəsil üzərində bir əsas döyüş tankı olacaq Altayın dizayn, prototipləmə və kalifikasiya mərhələsi proqram qrafikinə uyğun gedir”, – deyə S. Görgüc vurğulayıb.