13/12/2017 09:43

“Otokar” zirehli maşınlarını Küveytdə nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti “Cobra II” ve “Arma 6×6” zirehli maşınlarını, “Bozok” və “Kəskin” qüllə sistemlərini sərgiləyir.

“AzeriDefence”nin “Otokar”a istinadən verdiyi xəbərə görə, şirkət məhsullarını 12-14 dekabr tarixlərində Küveytdə keçirilən GDA-2017 müdafiə və aviasiya sərgisində ziyarətçilərə tanıdır.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, Körfəz ölkələri “Otakar”ın hədəf bazarları arasında yer alır: “Körfəz regionunda hərbi maşınlarımız uğurlu bir şəkildə xidmət göstərirlər. 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qurduğumuz “Otokar Land Systems” şirkəti Körfəz regionu başda olmaqla digər xarici iş birliyini gücləndirməyi, yeni bazarlara açılmağı və satışlarımızı artırmağı hədəfləmişdik. Bu yolda ilk addım “Tawazun” şirkəti ilə birgə qurduğumuz “Al Jasoor” şirkətinin BƏƏ Ordusunun ehtiyaclarını qarşılamaq üçün 8×8 təkər formuluna malik zirehli maşınların alığı-satqısına dair müqavilənin imzalanması oldu”.

Sərdar Görgüc qeyd edib ki, Küveyt daxil olmaqla bölgədə istifadə olunan  “Otakar”ın zirehli maşınları ilə əldə olunan təcrübə müştərilərin istəklərinə uyğun məhsulların hazırlanmasına və yeni tip maşınların ixracı üçün imkan yaradır.

“Otakar” şirkətinin sərgidə yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyətinə sahib “Cobra II” zirehli maşınlarını “Kəskin” döyüş modulu ilə nümayiş etdirib.

İlk dəfə Körfəz regionunda invertara daxil edilən “Arma 6×6” zirehli maşını sərgidə 12.7 mm çaplı pulemyotlu “Bozok” qülləsi ilə sərgilənib. Yeni nəsil “Arma 6×6” zirehli maşını üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü balistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşın orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur.

Həmçinin “Arma” 6×6 transportyoru tank əleyhinə və orta yüksəklikdə uçan obyektlər əleyhinə raketlər ilə təchiz oluna bilir. “Arma 6×6” döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma”nın fərqli konfiqurasiyaları mövcuddur.