01/04/2019 12:37

“Otokar” zirehli maşınlarını Latın Amerikasında nümayiş etdirəcək

Türkiyənin “Otokar” şirkəti 2-5 aprel tarixlərində Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək LAAD-2019 müdafiə və təhlükəsizlik sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib. “Otokar” dizaynı və istehsalı olan hərbi nəqliyyat vasitələrinin 5 qitədə aktiv istismar olunduğunu deyən şirkətin baş direktoru Sərdar Görgüç bildirib ki, müdafiə sənayesi sektorunda Latın Amerika regionu “Otokar”ın hədəf bazarı arasında yer alır.

Nəqliyyat vasitələrini 30-dan çox ölkəyə ixrac etdiklərini deyən S.Görgüç bildirib ki, 55-dən çox istifadəçi “Otokar”ın zirehli döyüş maşınlarından fəal şəkildə istifadə edir: “Müdafiə sənayesində quru sistemləri sahəsində hər cür ehtiyaca cavab verən geniş məhsul çeşidimiz ilə müasir ordulara fərqli konfiqurasiyalarda avadanlıqlar təklif edə bilirik”.

Baş direktor qeyd edib ki, “Otokar” eyni zamanda qeydə alınmış NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısıdır. S.Görgüç şirkətin hədəfinin müasir orduların ehtiyacları istiqamətində ehtiyaclara cavab verən, yüksək texnologiyaya malik ən yaxşı vasitələri istehsal etmək olduğunu deyib.

Qeyd edək ki, “Otokar” tərəfindən  4×4 “Ural”, “Cobra”, “Cobra II”, “Qaya II”, ISV, “Arma 6×6” və “Arma 8×8” kimi taktik zirehli maşınların, “Tulpar” adlı tırtıllı piyada döyüş maşınlarının istehsalını həyata keçirir. “Otokar”ın məhsul portfelinə 7.62 mm-dən 30 mm-dək pulemyot və toplarla silahlandırılmış “Mizraq”, “Bozok”, “Başok”, “Ucok” və “Kəskin” adlı məsafədən idarə olunan qüllələr də daxildir.