09/09/2019 17:35

“Otokar” zirehli maşınlarını Londonda nümayiş etdirəcək

Türkiyənin “Otokar” şirkəti 10-13 sentyabr tarixlərində Londonda keçiriləcək DSEI-2019 beynəlxalq müdafiə sərgisində “Tulpar” və “Cobra II” zirehli maşınlarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Sərgidə “Tulpar” tırtıllı nəqliyyat vasitəsi “Mizraq-30” adlı məsafədən idarə olunan qüllə sistemi, 4×4 təkər formuluna malik “Cobra II” zirehli maşını isə “Kəskin” adlı məsafədən idarə olunan qüllə ilə sərgilənəcək.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç bildirib ki, “Otokar” dizaynı və istehsalı olan hərbi nəqliyyat vasitələri 5 qitədə 30-dan çox ölkədə aktiv istifadə olunur.

“Sərgidə nümayiş etdirdiyimiz maşınlardan biri olan “Tulpar” hazırda NATO ölkələrində həyata keçirilən bənzər maşın layihələrində yer alan imkanlar və xüsusiyyətlər nəzərə alınmaqla hazırlanıb”, – deyə baş direktor Sərdar Görgüç deyib.

Bildirilib ki, yüksək hərəkət qabiliyyəti, ballistik və minaya qarşı qorunmaya sahib “Tulpar” ən sərt iqlim şəraitində və ağır ərazi şərtlərində test edilib. “Tulpar” modulyar dizaynı sayəsində istifadəçilərin fərqli ehtiyaclarına tək bir platforma ilə cavab verir. Çəkisi 45 tona qədər artırılma potensialına malik çox məqsədli tırtıllı maşın bu xüsusiyyəti sayəsində zirehli döyüş, personal daşıyıcı, hava hücumundan müdafiə, kəşfiyyat, komanda-nəzarət maşınları və 105 mm-lik silah daşıyan yüngül və orta sinif ağırlıqlı tank kimi müxtəlif vəzifələrdə istifadə edilə bilər. Avtomatik ötürücü, yüksək performanslı güc qrupu, elektron sistem ilə təchiz olunan “Tulpar” müştərinin istəyinə uyğun olaraq istehsal oluna bilir.

“Cobra II” zirehli avtomobili sürücü və komandir daxil olmaqla 10 nəfər heyəti daşıyır. Maşın fərqli tapşırıqlar üçün modulyar dizayna malikdir. 4×4 təkər formuluna sahib “Cobra II” maşınları mina, improvizə edilmiş partlayıcılar və ballistik təhdidlərə qarşı üstün qorumanı təmin edir. Maşının döşəməsi heyəti piyada və tank əleyhinə minaların partlamasından mühafizə edir. Daxildə qurulmuş xüsusi oturacaqlar mina partlayıışı zamanı təsiri azaldaraq heyətin xəsarət almasını önləyir. Polad zirehli döşəməyə əlavə olaraq ekipaj bölməsinin döşəməsində minanın təsirini udan kompozit materiallardan ikinci qat ballistik qoruma artırılıb. “Cobra II”nin içi minaya qarşı güclü qorumanı təmin edir. Zirehli transportyorun kiçik ölçülü akustik və termal izi onun düşmən tərəfindən təsbit edilməsini çətinləşdirir. Ən çətin ərazi və iqlim şərtlərində yüksək performans təmin edən “Cobra II” sifarişdən asılı olaraq amfibiya tipli istehsal olunur və ehtiyaca uyğun müxtəlif tapşırıqları mükəmməl yerinə yetirir. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda “Cobra II” Türkiyədə və xaricdə sərhəd qorunması, daxili təhlükəsilik və sülh təminetmə əməliyyatları daxil olmaqla bir çox tapşırıqları uğurla davam etdirir. “Cobra II” sahib olduğu modulyar dizayn sayəsində personal daşıyıcı, silah platforması, yer nəzarət radarı, KBRN kəşfiyyat maşını, komanda-nəzarət və ambulans kimi fərqli konfiqurasiyalarında istehsal oluna bilir.