15/05/2017 15:18

“Otokar”dan asimmetrik müharibələr üçün yeni həll – “Altay-AHT” tankı

Türkiyənin “Otokar” şirkəti “Altay” tankının asimmetrik müharibə şəraiti üçün modernizə edilən variantı “Altay-AHT”ni ilk dəfə IDEF-2017 sərgisində nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç bildirib ki, ixrac potensialı olan “Altay-AHT” şirkətin öz resusları hesabına hazırlanıb.

“Altay- AHT” tankı “Altay” tankının gövdə və qüllə platforması üzərindən inkişaf etdirilib.  Müasir orduların tank tələbatlarının artacağını proqnozlaşdıran “Otokar” şirkəti 20 nəfərlik xüsusi komanda ilə 5 ay ərzində “Altay-AHT”ni hazırlayıb.

Yüksək davamlılıq, hərəkət və atəş qabiliyyəti xüsusiyyətlərinə malik “Altay-AHT” tankı “Altay” tankından bəzi xüsusiyyətlərinə görə fərqlənir.

“Altay-AHT”nin əsas xüsusiyyətləri bunlardır:

– Hibrid və asimmetrik müharibə şəraitində tanklar üçün böyük təhlükə yaradan idarə olunan və olunmayan raket hücumları, küçələrdə yaradılan çuxur və baryerlər, mina və əldəqayırma partlayıcı hücumlarının qarşısını almaq üçün Kompozit Reaktiv Zireh və zireh barmaqlıqlara malikdir.

– Teleskopik Müşahidə Sisteminin (EOS) əlavəsi, 360 dərəcə müşahidə icmalı təmin edən Yaxın Məsafədən Nəzarət Sistemi (YAMGÖZ) və Uzaqdan İdarəolunan Silah Sisteminin (UKSS) yerləşdirilməsi ilə daha çox fərqlilik qazanıb.

– Uzaqdan idarə olunan əldəqayırma partlayıcı hücumlarına qarşı tank üzərində siqnal boğucu (Jammer) var. Bundan başqa, təhlükə gələn istiqaməti müəyyən edən Atış Yeri Təsbit Sistemi ilə snayperlərin yerini, Lazer Xəbərdarlıq Sistemi ilə lazer idarəetməli raketləri, lazer məsafəölçənləri təsbit edə bilir.

– Aşkar edilən təhlükəli istiqamət Soft Kill (Ağıllı Duman Pərdəsi) Sistemi ilə avtomatik olaraq maskalanır. Bu zaman UKSS və tank qülləsi istifadəçi seçiminə bağlı olaraq avtomatik şəkildə təhdid nöqtəsinə istiqamətlənir.

-Tankın önündə sürücü tərəfindən idarə olunan, mövqelərin hazırlanması, döyüş meydanında qarşıya çıxan maneələrin təmizlənməsi, xəndəklərin doldurulması üçün buldozer tiyəsi yer alır.