23/07/2019 14:14

“Otokar”ın “Əqrəb II” maşını hətəkət sınaqlarına başlayıb

Türkiyənin “Otokar” şirkətinin elektrik mühərriki ilə işləyən “Əqrəb II” adlı yeni nəsil zirehli maşını hətəkət sınaqlarına başlayıb.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib. Türkiyənin ilk elektrikli zirehli maşını hesab olunan “Əqrəb II” aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçirilmiş İDEF-2019 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayiş etdirilib.

Modulyar platformaya sahib “Əqrəb II” kəşfiyyat və müşahidə etmə sistemlərinə uyğun avadanlıqlarla təchiz edilib. “Əqrəb II” yüksək təsbit və tanıma imkanı ilə əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər. Elektrik mühərriki və modern batareyalarla təchiz edilən “Əqrəb II” taktik performans, yüksək sürət və səsizlik avantajlarını bir arada təqdim edir.

Maşının həm önündə, həm arxasında batareya quraşdırılacaq yerlər var. Müştərinin istəyinə görə, əlavə batareyalarla maşının gediş məsafəsinin artırılması mümkündür. Maşın eyni zamanda əsgərlərə atəş dəstəyi vermək qabiliyyətindədir. “Əqrəb II”nin qoruma səviyəsi “Cobra II” zirehli maşınlarında olduğu kimidir, lakin “Cobra II”dən daha yüngüldür. Maşının hündürlüyünün aşağı olması ona tank əleyhinə raket kimi təhdidlərə qarşı avantaj verir.

Maksimum sürəti 110 km/saat olan “Əqrəb II”nin gediş ehtiyatı 250 km təşkil edir. Çəkisi 13500 kq olan maşının heyəti sürücü, komandir və atıcı olmaqla 3 nəfərdən ibarətdir. “Əqrəb II”nin uzunluğu 5500 mm, eni 2500 mm, hündürlüyü 1800 mm-dir. “Əqrəb II” üzərinə inteqrasiya edilən 90 mm top ilə birlikdə nəqliyyat helikopterlərində daşna bilir.