02/08/2019 22:35

Özbəkistan “Ejder Yalçın”ların növbəti partiyasını silahlanmaya qəbul edib – FOTO

Özbəkistanın Müdafiə Nazirliyi Türkiyənin “Nurol Makina” şirkətinə sifariş verdiyi 4×4 təkər formullu “Ejder Yalçın” TTZA zirehli nəqliyyat vasitələrinin növbəti partiyasını alıb.

Bu barədə “Azeri Defence” Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən zirehli maşınlar avqustun 2-də “Çirçiq” poliqonunda keçirilən mərasimdə hərbi birləşmələrin silahlanmasına verilib.

Qeyd edək ki, “Ejder Yalçın” TTZA 2017-ci ildə Özbəkistanda Çin və Rusiya və digər bir neçə ölkədən aparıcı istehsalçıların təqdim etdiyi maşınların iştirakı ilə keçirilən sınaqlardan uğurla çıxıb. Bundan sonra, Özbəkistan Müdafiə Nazirliyi ilə Türkiyənin “Nurol Makina” şirkəti arasında 1000 ədəd “Ejder Yalçın”ın alqı-satqısına dair memorandum imzalanıb. Bəzi məlumatlara görə, zirehli maşınların bir hissəsinin Özbəkistanda “UzAuto” dövlət müəssisəsində istehsalı nəzərdə tutulub.