15/01/2018 15:18

Özbəkistan ölkə xaricindəki əməliyyatlara əsgər göndərməyəcək

Özbəkistan xaricdəki əməliyyatlara əsgər göndərilməyəcək, öz ərazisində xarici ölkələrin hərbi bazalarına yer verməyəcək və ölkə hər hansı bir hərbi-siyasi ittifaq və koalisiyalara üzv olmayacaq.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistanın yeni qüvvəyə minən müdafiə doktrinasında göstərilib.

Özbəkistan müdafiə siyasətinin əsas yanaşma və istiqamətlərini özündə əks etdirən  doktrina ölkədəki silahlı qüvvələrin vəzifələrini, hərbi-sənaye sektorunun inkişaf etdirilməsi, o cümlədən ölkənin müdafiəsinə yönəlik hərbi və iqtisadi təminatın əsaslarını müəyyənləşdirir.

Müdafiə doktrinası hərbi hissələrin müasir silah və hərbi avadanlıqlarla yenidən təchiz edilməsini, milli hərbi-sənayenin qurulmasını, silahlı qüvvələrin strukturunun inkişaf etdirilməsini və əsgərlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Doktrina hərbi sahədə şəffaflığın qorunmasına da kömək edəcək. Hökumət yeni qanunla milli müdafiə siyasətində şəffaflığının təmin edilməsini, digər dövlətlərlə olan hərbi-siyasi əlaqələr, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsini istəyir.