17/04/2018 17:07

Özbəkistan özəl sektor müdafiə sənayesi şirkətlərinə lisenziya verməyə başlayır

Özbəkistan Hökuməti (Nazirlər Kabineti) özəl hərbi sənaye şirkətlərinə lisenziyanın verilməsi qaydalarını təsdiq edib.

Bu barədə “AzeriDefence” Özbəkistan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Qərara əsasən silah və sursat, onların ehtiyat hissələri, mühafizə vasitələri, hərbi texnikalar, onların ehtiyat hissələri, hərbi təyinatlı cihazlar, həmçinin onların istehsalı üçün xüsusi materialların və avadanlıqların istehsalı, təmiri və satışı, silahlanmadan çıxarılan hərbi texnikanın utilizasiyası ilə məşğul olan hüquqi şəxslər lisenziya almalıdır. Bu cür fəaliyyətlər yalnız Özbəkistanda qeydə alınmış (yaradılmış) hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Prezidentin sərəncamı ilə yaradılan dövlət sənaye müəssisələri və təşkilatların lisenziya almadan bu sahədə fəaliyyət göstərə bilərlər.

Nazirlər Kabinetinin qərarı ilə sektorun lisenziyalaşdırılması funksiyaları Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinə verilib. Lisenziya 5 il müddətinə (istehsalçının istəyi əsasında az müddətə də ola bilər) verilir və vaxtı başa çatandan sonra təkrar müraciət əsasında artılılır. Lisenziya verilən müəssisələr məxfi kargüzarlığın aparılması və obyekt daxili rejimə riayət etməli, obyektlərin fiziki və texniki müdafiəsi üzrə tədbirlər görməli, dövlət sirri təşkil edən məlumatları qorumalıdır.