29/11/2018 11:48

Pakistan-Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi müzakirə olunur – ÖZƏL

Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi müzakirə olunur.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalının əməkdaşına Pakistan Təlim və Tədris Komandanlığından bildirilib.

Qeyd olunub ki, hazırda həm Pakistan, həm Türkiyə, həm də Azərbaycan hərbçilərinin iştirakı ilə ayrı-ayrı təlimlər keçirilir. Eləcə də Azərbaycan hərbçiləri Pakistanda müxtəlif illərdə keçirilən AMAN hərbi dəniz təlimlərinə qatılıblar. Azərbaycan xüsusi təyinatlı qüvvələrinin hərbçiləri Pakistanda keçirilən dağ kurslarında, eləcə də reyncer kurslarında iştirak edib və sertifikatlar alıblar. Hazırda Pakistan Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter pilotları Azərbaycan Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təlimlərdə iştirak edir, orda öz qabiliyyət və imkanlarını artırırlar.

Sərgi çərçivəsində də Azərbaycan və Pakistan arasında hərbi təlim sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Komandanlıq sərgidə yeni təlim mərkəzinin maketini nümayiş etdirib. Bu təlim mərkəzində müxtəlif ssenarilər üzrə əməliyyatların imitasiyası həyat keçirilir və regionda öz müasirliyi ilə fərqlənir. Pakistan Sülahlı Qüvvələrinin nümayəndələrinin sözlərinə görə, Azərbaycan hərbçiləri təlimlərdə özlərinin yüksək peşakarlıqlarını ortaya qoyurlar. Bu Pakistan tərəfini də çox məmnun edir.

Komandanlıq nümayəndələrinin sözlərinə görə, üç tərəfli təlimlərin mövzusu son illər bir neçə dəfə müzakirə olunub. Pakistanın aviasiya hərbçiləri gələcəkdə Azərbaycan-Türkiyə “TURAZ Şahini” birgə taktiki-uçuş təlimlərində iştirak etməyi və bu təlimlərin iki tərəfli formatdan üç tərəfli formata keçirilməsini arzu edirlər.

Digər tərəfdən bu yaxınlarda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistana səfəri zamanı sərhəd xidmətləri arasında da təlim-tədris sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.