18/04/2018 22:00

Pakistan Azərbaycana hərbi məhsulların ixracını artırmağı planlaşdırır

Pakistanın hərbi şirkətlərinin yaxın perspektivdə Azərbaycana məhsul ixracına dair marketinq çalışmaları aparılır.

Bu barədə “AzeriDefence”nin əməkdaşına Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən DSA-2017 beynəlxalq müdafiə sərgisində təmsil olunan Pakistanın Müdafiə Sənayesi İxracının Təşviqi Təşkilatından (DEPO) bildirilib.

DEPO-dan bildirilib ki, hazırda bir neçə Pakistan şirkəti – GİDS, POF və PAC tərəfindən Azərbaycana müəyyən məhsulların ixracatı həyata keçirilir.

Ölkələr arasında hərbi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycana hərbi məhsulların satış həcminin az olduğunu vurğulayan təşkilat nümayəndələri bildiriblər ki, sözügedən mövzuda Azərbaycan yetkililəri ilə görüş və müzakirələr keçirilib. Hazırda bir neçə Pakistan şirkətinin potensial layihələri var. Eyni zamanda Azərbaycan MSN-in bir müəssisəsi POF şirkəti ilə tərəfdaş qismində xaricə satışlar həyata keçirir.

Pakistan hərbi sənayesinin məhsullarının cari ilin sentyabr ayında Bakıda keçirilməsi planlaşdırılan ADEX-2018 sərgisində nümayiş etdiriləcəyini deyən DEPO nümayəndəsinin sözlərinə görə, Azərbaycanın hərbi qurumlarına da noyabr ayının sonlarında Kəraçi şəhərində keçiriləcək İDEAS-2018 hərbi sərgisi ilə tanış olmaq üçün müraciət göndərilib.