28/02/2018 15:12

Pakistan dənizaltılarını Türkiyəyə əmanət edib

Türkyənin STM şirkəti ilə Pakistan Müdafiə Nazirliyi arasında “Agosta 90B” (“Xalid” sinifli) dənizaltılarının modernləşdirilməsinə dair 2-ci müqavilə imzalanıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Pakistan Müdafiə Nazirliyində keçirilən mərasimdə sözügedən müqaviləni general Ərşad Mahmud, STM-nin baş direktoru Davud Yılmaz və Dəniz Layihələri direktoru Savaş Onur imzalayıb.

Müqaviləyə əsasən Agosta 90B” (“Xalid” sinifli) dənizaltılarının modernləşdirilməsinə dair layihə 2-ci sualtı gəminin modernizasiyasının da əlavə olunması ilə genişləndirilib. Əsas sazişdə yer alan bütün sistemlər eyni şəkildə 2-ci sualtı gəminin konfiqurasiyasında yer alacaq. Həmçinin ilk sualtı gəmi də daxil olmaqla müxtəlif əlavə sistemlər konfiqurasiyaya əlavə olundu. Bundan başqa müqavilə dəyişikliyi ilə 3-cü sualtı gəmi və müxtəlif əlavə sistemlər də seçim statusuna daxil edilib.

Qeyd edək ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin inventarında yer alan “Agosta 90B” sinifli dənizaltıların modernləşdirilməsi layihəsi üzrə beynəlxalq tenderdə içtirak edən STM rəqibi olan bu dənizaltıları istehsal etmiş Fransanın DCNS şirkətinə qalib gəlib. Layihə çərçivəsində cəmi 3 dənizaltının müasirləşdirilməsi planlaşdırılıb.

Bununla bağlı STM və Pakistan Müdafiə Nazirliyi arasında müqavilə 2016-cı il iyunun 22-də Ravalpindi şəhərində imzalanıb. Modernləşdirmə işləri Pakistandakı yerli tərsanədə həyata keçirilir. Layihə üzrə ilk dənizaltı 2020-ci ildə Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Digər dənizaltıların isə bir il ara ilə modernləşdirilməsi nəzərdə tutulur.

2083 ton ağırlığında “Agosta 90B” sinif dənizaltıların uzunluğu 76 metr, sürəti 12 mildən 20,5 milədəkdir. 350 metr dərinliyə enə bilən dənizaltının heyəti 41 nəfərdir.

Pakistan Fransadan “Agosta 90B” sinifli PNS/M “Khalid” adı verilmiş ilk dənizaltını 1999-cu ildə (müqavilə 1994-cü ildə imzalanıb), PNS/M “Saad” adlı ikinci dənizaltını 2002-ci, PNS/M “Hamza” adlı dənizaltını isə 2006-cı ildə alıb.