31/05/2019 18:50

Pakistan HDQ ASELSAN-ın radar və anti-torpeda sistemlərini seçdi

Pakistan Hərbi Dəniz Qüvvələri Türkiyənin ASELSAN şirkətinin istehsalı olan radar və dənizaltılar üçün anti-torpeda sistemləri sifariş verib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, “Damen” tərsanəsi tərəfindən Pakistan donanması üçün inşa olunan 2 ədəd açıq dəniz gözətçi gəmisi ASELSAN şirkətinin “Alper LPİ” radarı ilə təchiz ediləcək. Gələcəkdə bu radarın 10-dan çox gəmiyə inteqrasiya edilməsi üçün danışıqlar davam edir.

Daha bir yenilik isə ASELSAN tərəfindən yaradılmış “Zaragna” dənizaltılar üçün anti-torpeda sistemidir. “Zaragna”nın hazırda Türkiyənin STM şirkəti tərəfindən modernizə edilən Pakistan HDQ-nin “Agosta-90B” sinif dənizaltılarına qurulması planlaşdırılır. Pakistan bu müqavilə ilə İndoneziyadan sonra “Zaragna”nın ikinci sifarişçisi olacaq.

Qeyd edək ki, “Zaragna” sistemi dənizaltıdan alınan məlumatları və vəziyyəti analiz edərək dənizaltıya qarşı atılan torpedalara qarşı ən uyğun mübarizə üsulunu tətbiq edir. Sistem torpedaya qarşı müəyyən edilən taktikaya əsasən akustik aldadıcı və ya qarışdırıcını buraxır. Akustik qarışdırıcı gurultu yaradaraq torpedanın dənizaltını aşkarlamasını əngəlləyir, akustik aldadıcı isə dənizaltını təqlid edərək torpedanı yanlış istiqamətə yönəldir.