16/04/2018 17:31

Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.