27/02/2017 12:02

Pakistan Ordusu AW139 helikopterləri alır

Pakistan Müdafiə Nazirliyi İtaliyanın “Leonardo” şirkətinə yeni AW139 çoxməqsədli helikopter sifariş edib.

“AzeriDefence”nin “Pakistan Defence” saytına istinadən verdiyi xəbərə görə, müqaviləyə əsasən helikopterlər axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş versiyada hazırlanacaq.

Müqavilənin dəyəri və çatdırılacaq helikopterlərin sayı açıqlanmayıb.

Razılaşmanın şərtlərinə görə, AW139 helikopterlərin Pakistana 2017-ci ilin ortalarında təhvil verilməsinə başlanılacaq.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl də Pakistanla “Leonardo” şirkəti arasında çox sayda AW139 helikopterin alğı-satqısı həyata keçirilib.

İki ədəd “Pratt&Whitney” PT6 mühərriki ilə təchiz olunan AW139 helikopteri saatda 310 kilometrə qədər sürət yığa bilir. 6 saata yaxın havada qala bilən helikopter 15-ə yaxın sərnişin daşımaq imkanına malikdir. Helikopterin gediş ehtiyatı 1250 km təşkil edir.