02/10/2018 17:03

Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan-Pakistan İşçi qrupu səviyyəli görüşün Protokoluna əsasən, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin  mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 2-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev briqada generalı Reyhan Naimin rəhbərlik etdiyi Pakistan nümayəndə heyətilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə hər iki ölkə ordusunda aparılan işlər barədə fikir mübadiləsi aparıblar. Sonra hər iki tərəf mövzu barədə brifinqlər təqdim edib, fikir mübadiləsi aparıb və görüş iştirakçılarının suallarını cavablandırıblar. Səfər oktyabrın 4-dək davam edəcəkdir.