05/10/2017 16:28

Pakistan “Super Muşşak” təyyarələrinin ilk partiyasını yaxın vaxtlarda Azərbaycana göndərəcək – ÖZƏL

Azərbaycanın Pakistandan aldığı ilk “Super Muşşak” təlim təyyarələrinin çatdırılmasına yaxın vaxtlarda başlanacaq.

Bu barədə “AzeriDefence”yə Pakistan Aeronautical Complex (PAC) təşkilatından məlumat verilib.

Hazırda təyyarənin detallarının boyanması prosesi gedir. İşlər tamamlandıqdan sonra təyyarələr tam şəkildə komplektləşdirilərək Azərbaycana göndəriləcək.

Cari ilin iyul ayının 27-də imzalanmış müqaviləyə əsasən Azərbaycan Pakistandan 10 ədəd “Super Muşşak” (MFİ-395 “Super Mushshak”) təlim təyyarəsi alacaq.

Hazırda Pakistan Hava Qüvvələri və Ordusu tərəfindən 300 “Super Muşşak” təyyarəsi hərbi təlim və digər müdafiə tədbirləri üçün istifadə olunur. Pakistan son il yarım ərzində Türkiyə, Nigeriya və Qatarla “Super Muşşak” təyyarələrinin ixracına dair müqavilələr imzalayıb. Adıçəkilən təyyarələr hazırda Pakistanla yanaşı Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Respublikasında stifadə olunur.

Yüngül çəkili təlim təyyarəsi olan “Super Muşşak” hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş etməyi bacarır. Havada 4-5 saat qala bildiyindən Pakistan Ordusu ondan həm də patrul missiyalarında istifadə edir. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur.

“Super Muşşak” təyyarəsinin heyəti 2 nəfər uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə sahibdir.