04/01/2018 17:52

Pakistan yeni gəmi əleyhinə raketin testini keçirib

Pakistan “Harba” adlı yeni “yer-yer” tipli gəmi əleyhinə qanadlı raketin atış sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “Quwa” hərbi portalına istinadən məlumat verib.

Milli imkanlar hesabına hazırlanan “Harba” raketi Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Azmat” sinifli “PNS 1027 Himmat” döyüş gəmisində test edilib.

Admiral Zafar Mahmud Abbasi bildirib ki, Şimali Ərəb dənizində şərti hədəfi təxminən 200 kilometr məsafədən dəqiqliklə vuran “Harba” raketinin sınaqları uğurla nəticələnib.

Məlumatda o da qeyd olunub ki, 2017-ci ilin iyulunda istifadəyə verilən “Himmat” döyüş gəmisi Türkiyənin ASELSAN şirkətinin istehsalı olan 25 mm-lik “Stop” məsafədən idarə olunan top sistemi və 30 mm çaplı “Type 630 CIWS” sistemi ilə silahlandırılıb. Həmçinin C-802A “yer-yer” tipli gəmi əleyhinə raketlərin 8 işəsalma qurğusu ilə təchiz olunub.