12/09/2018 12:53

Pakistana ATAK satışı – TAİ-nin uğuru uğursuzluğa doğru

Pakistana 30 ədəd T-129 ATAK helikopterinin satışına dair müqavilə imzalayan Türkiyənin TAİ şirkəti ABŞ-la yaşanan problemlər fonunda göründüyü qədər müqaviləni icra edə bilməyəcək vəziyyətə düşüb.

Bu günlərdə Pakistanın “Quwa” hərbi analitik saytı da mövzuya toxunaraq “Ankara və Vaşinqton arasındakı mövcud gərginliyin Pakistanın 30 ədəd ATAK helikopteri sifarişinin icra edilib edilməyəcəyi mövzusunda şübhələr yaratdığını” yazıb.

Qeyd edək ki, T-129 ATAK helikopterində istifadə edilən LHTEC CTS800 mühərriyi ABŞ istehsalıdır və xaricə ixracı xüsusi ixrac icazəsi ilə həyata keçirilir.

Nəşr T-129 ATAK probleminin yaşanacağı halda Cənubi Afrikanın “Denel” şirkətinin istehsalı olan “Rooivalk” helikopterinin ATAK-a alternativ ola biləcəyini yazıb.

Qeyd edək ki, Türkiyə şirkətlərinin bir çoxunun hərbi texnika istehsalında istifadə etdiyi müəyyən hissələrə görə xaricdən asılılığı xarici satışa ilk dəfə deyil ki təsir göstərir. Bundan əvvəl, analoji problemlərlə Azərbaycan da üzləşməli olmuşdu. Azərbaycanın T-129 ATAK zərbə helikopterlərinə marağı ifadə olunsa da motor məsələsinə görə danışıqlar dayandırılıb.

Digər problem isə T-155 “Fırtına” özüyeriyən haubitsalarında yaşandı. Almaniyanın haubitsa üçün mühərrik istehsal edən məşhur MTU şirkətinə Azərbaycanın sifariş verdiyi məhsullara satış qadağası tətbiq etməsi səbəbindən 36 ədədlik haubitsanın alqı-satqısı reallaşmadı.