28/01/2017 20:44

Pakistanın POF şirkəti Azərbaycanla bir neçə layihə üzərində işləyir

Pakistan müdafiə sənayesinin aparıcı qurumu olan Pakistan Ordnance Factories (POF) Azərbaycanla bir neçə layihəni nəzərdən keçirir.

Bu barədə “Azeri Defence”yə müsahibəsində POF direktorlar şurasının sədri general-leytenant Ömər Mahmud Həyat bildirib.

Generalın sözlərinə görə, POF rəhbərliyi Azərbaycanın müdafiə sənayesi müəssisələri, o cümlədən Silahlı Qüvvələrin ayrı-ayrı strukturları arasında görüşlər keçirilərək müzakirələr aparılıb.

“Yaxın perspektivdə bu layihələrdən bir neçəsinin reallaşacağına ümid edirəm”, – deyə POF sədri bildirib.

“POF Pakistan silah sənayesinin aprıcı dövlət müəssisəsidir. Azərbaycanla müzakirələrimiz qısa zamandır başlayıb. Bir müddət əvvəl müdafiə sənayesi naziri Yavər Camalov və daha sonra nazirliyin heyəti bizim müəssisələrdə oldu. Onlarla əməkdaşlığın perspektivlərini müzakirə etdik. Düşünürəm ki əməkdaşlığımız iki istiqamətdə – ixracat və birgə istehsal formasında ola bilər. Artıq ortada niyyət var. Eyni zamanda ixracatla bağlı görüşmələrimiz davam edir. Biz Azərbaycana fərqli layihələr üzrə texnologiyaların transferini də müzakirə edirik. Düşünürəm ki yaxınlarda uğurlu nəticələrə imza atacağıq”, – deyə general Həyat vurğulayıb.

General qeyd edib ki, POF və MSN arasında əməkdaşlığın yaradılması istiqamətində bir neçə görüşlər keçirilib. Azərbaycan MSN nümayəndələri 2016-cı ilin may ayında Pakistanda POF şirkətinin artilleriya sursatları zavodunda olublar.