02/03/2019 16:47

Pakistanın silah satınalmaları – ANALİZ

Son günlər gərginləşən Pakistan-Hindistan münaqişəsi Pakistan Ordusunun silah arsenalı ilə bağlı bəzi müzakirələri də mediaya çıxarıb. Təbii ki, hər iki dövlət nüvə silahına malikdir. Lakin xaricdən böyük satınlamalar həyata keçirir. Hindistan dünyada silah satınalmalarına görə, ilk yerdə dayanır. Pakistan da maliyyə vəziyyətinin yaxşı olmamasına baxmayaraq, xaricdən yeni silah və hərbi texnikaların satın alınmasına görə, dünyada ilk onluqda qərarlaşır.

AZERİ DEFENCE jurnalının 2018-ci ildə nəşr olunmuş 6-cı sayında Karaçi şəhərində keçirilmiş İDEAS-2018 sərgisindən hazırladığımız reportaj və analizdən qardaş dövlətin silah bazarı barədə bəzi hissələri paylaşmağa qərar verdik.

Hazırda Pakistanın silah və hərbi texnika satınalmalarında əsas yeri Çin Xalq Respublikası və Türkiyə tutur. Bu da sirr deyil ki, İslamabadın hər iki dövlətlə strateji münasibətləri ilə bilavasitə bağlıdır. Hər iki dövlət ikitərəfli münasibətlərdən əlavə, beynəlxalq təşkilatlar çərçivəsində Pakistana açıq dəstək verir, Cammu-Kəşmir məsələsində rəsmi İslamabadın mövqeyini dəstəkləyirlər.

2016-cı ildə keçirilmiş sonuncu IDEAS sərgisindən ötən müddətdə Pakistan Çinlə artilleriya vasitələrinin, gəmilərin, helicopter və pilotsuz uçuş aparatlarının, Türkiyə ilə zərbə helikopterlərinin, elektro-optik sistemlərin, hərbi gəmilərin alınması və modernləşdirilməsi və s. bağlı əhəmiyyətli müqavilələrə imza atıb. Mövcud müqavilələri təhlil etdikdə, 2030-cu ilə qədərki dövrdə rəsmi İslamabadın xaricdən silah və hərbi texnika satınalmalarında Çin və Türkiyənin ilk yerləri tutacağını proqnozlaşdırmaq mümkündür.

Təkcə 2018-ci ildə Pakistanın Çin və Türkiyə ilə imzaladığı müqavilələrə və satınalmalara nəzər salsaq bu rəqəmlərin kifayət qədər əhəmiyyətli olduğunu görərik. Belə ki, 2017-2018-ci illər ərzində Pakistan

Çin Xalq Respublikası ilə

  • 8 ədəd dənizaltının (ehtimallara görə Type 039 və Type 041 sinif) satın alınması;
  • 2 ədəd Type 054A Jiangkai II sinif raketdaşıyan freqatın (bir ədəd freqatın satın alınmasına dair müqavilə 2017-ci ildə imzalanıb);
  • C-802 gəmi əleyhinə raketlərin alınması;
  • 48 ədəd “Wing Loong II” silahlı PUA-nın alınması;

Türkiyə ilə

  • 4 ədəd “Ada” sinif (MİLGEM) korvetin satın alınması;
  • 30 ədəd T-129 ATAK zərbə helikopterinin satın alınması;
  • 2 ədəd “Agosta-90B” sinif dənizaltının moderenləşdirilməsi;
  • Hərbi dəniz bazasının inşası ilə əlaqədar okeanoqrafiya işlərinin aparılması;
  • ASELPOD elektro-optik modulların alınmasına dair müqavilələr imzalayıb.

JF-17 “Thunder” döyüş təyyarəsi Çin və Pakistan istehsalı olan bomba və raketlərlər


Bütün bunlardan əlavə, 2016-2017-ci illərdə Pakistan Çindən 1 ədəd korvet, LY-80 zenit-raket kompleksi (40-a yaxın buraxıcı), 636 ədəd daşınan zenit-raket kompleksi, Türkiyədən 1 ədəd dəniz təchizat gəmisi, 30-a yaxın ASELPOD elektro-optik sistem və s. satın alıb. Hazırda Pakistan Quru Qoşunlarının təkərli şassi üzərində haubitsaların satın alınmasına dair tenderində Çinin NORİNCO şirkətinin 155 mm-lik SH-15 və Türkiyənin MKE şirkətinin 155 mm-lik “Yavuz” özüyeriyən haubitsaları nəzərdən keçirilir. Pakistan rəsmiləri Çin istehsalı olan FD-2000 zenit-raket komplekslərinin satın alınmasının da gündəmdə olduğunu vurğulayırlar.

Type 054A Jiangkai II freqat

İki il əvvəl keçirilən İDEAS sərgisində Pakistan Ordnance Factory (POF) NORİNCO ilə 155 mm-lik top mərmilərinin istehsalına dair müqavilələr imzalayıb. Bu kontekstdə təşkilat hazırda idarə olunan artilleriya mərmilərinin nümunələrinin yaradılması üzərində də işləyir.

Atıcı silahların əldə edilməsi istiqamətində Pakistan Türkiyə şirkətləri ilə bir neçə layihəni görüşür. Bura JNG-90 və KNT-76 snayper tüfənglərinin, habelə 7.62 mm MPT-76 və 5.56 mm MPT-55 avtomatlarının alınması daxildir.

Pakistanın Çindən aldığı LY-80 LOMADS

Hazırda Çin və Pakistan müdafiə sənayesi bir sıra layihələr üzərində işləyirlər ki, bunlardan da ən böyüyü K-8 “Karakoram” reaktiv təlim təyyarəsi və JF-17 “Thunder” döyüş təyyarələrinin istehsalıdır. Hazırda tərəflər JF-17 Blok III versiyasının istehsalına hazırlıq görürlər. 2019-cu ilin sonunadək istehsalına başlanacaq bu konfiqurasiyanın ən gec 2021-ci ilədək xidmətə qəbul edilməsi gözlənilir. Block III konfiqurasiyasının Çinin Nanjing Elektron Texnologiya Tədqiqat İnstitutu (NRİET) tərəfindən hazırlanmış KLJ-7A AESA radarı ilə təchiz olunacaq ki bu da JF-17-nin döyüş gücünü əhəmiyyətli dərəcə artırır. JF-17 Blok III təyyarələri yalnız AESA radar sistemi ilə deyil, yeni elektron müharibə sistemi və təkmilləşdirilmiş avionika dəsti, HMD/S (dəbilqəyə bağlı displey və nişangah) ilə təchiz olunacaq.

2018-ci ildə JF-17 Block II versiyasında yeni “hava-hava”, “hava-yer” və “hava-səth” raketlərini də tətbiqi imkanları nəzərdən keçirilib. Bəzi informasiyalara görə, hazırda təyyarədə tətbiqinə baxılan raketlərdən biri də CAR-ın “Denel” şirkətinin “A-Darter” raketidir.

Pakistan ABŞ əlaqələri

Son 5 il ərzində Pakistan və ABŞ arasında hərbi-texniki sferada əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etsə də, 2018-ci ilin sonlarına doğru prezident Donald Tramp tərəfindən Pakistana hərbi yardımların dayandırılması, eləcə də müəyyən hərbi texnika və silah sistem lərinin satışına Konqresin icazə verməməsi (səbəb Çinlə sıx əməkdaşlıq göstərilir) qarşıdakı illərdə bu dinamikanın düşəcəyini proqnozlaşdırmağa əsas verir.

ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin (DSCA) açıqlamalarından bəlli olduğu qədər son 4 ildə Pakistana aşağıdakı satışlar həyata keçirilib:

– 2014-cü ildə ABŞ Xarici Hərbi Satış proqramı çərçivəsində Pakistan Hərbi Hava Qüvvələrinə C-130 D/E hərbi nəqliyyat təyyarələrinin müasirləşdirilməsi üçün 100 milyon dollar dəyərində avionika, mühərriklər, xarici qanad dəstləri və digər avadanlıqlar;

– Hərbi Dəniz Qüvvələrinə 350 milyon dollarlıq paket çərçivəsində 8 ədəd 43 metrlik GRC43M “Cutters” gəmisi, bu gəmilər üçün 25 mm və 30 mm dəniz topları, 32 ədəd M2-HB pulemyot, 32 ədəd 7.62 mm silah, 8 ədəd 8 metrlik RİB kateri, müxtəlif naviqasiya avadanlıqları, logistik dəstək paketi;

– Pakistan Ordusuna 198 milyon dollarlıq 160 ədəd “Navistar” şirkətinin istehsalı olan (110 ədəd “MaxxPro Dash DXM”, 30 ədəd “MaxxPro Base DXM”, 10 ədəd “MaxxPro Dash DXM Ambulans” və 10 ədəd “MaxxPro Recovery”) minaya qarşı qorumalı nəqliyyat vasitəsi, (MRAP) və ehtiyat hissələri;

– 2015-ci ildə 952 milyon dollarılıq satış paketi olaraq 15 ədəd AH-1Z “Viper” döyüş helikopterinin və 1000 ədəd AGM114R “Hellfire II” raketi, 32 ədəd T-700 GE 401C mühərrikinin, naviqasiya avadanlıqlarının, radar və optik nişangahların, helikopter özünü müdafiə dəstlərinin və silah sistemləri;

– 2016-cı ildə 699.04 milyon dollarlıq paket çərçivəsində 8 ədəd F-16 Blok 52 döyüş təyyarəsi (iki ədəd C və 6 ədəd D modeli), habelə inteqrə edilmiş elektron döyüş dəsti, radarlar, mühərriklər, ehtiyat hissələri.

Pakistan helikopter parkını yeniləyir

Yaşlanmış döyüş helikopterləri parkını yeniləmək planlarını 2010-cu ildə açıqlayan Pakistan yeni kəşfiyyat-zərbə helikopterlərinin satın alınmasına dair ABŞ, Çin, Rusiya və Türkiyə ilə müqavilələr imzalayıb.

Yeni helikopterlərin inventara qəbulu ilə paralel olaraq, 1984-1986-cı illərdə ABŞ-dan alınmış AH-1 “Cobra” zərbə helikopterləri silahlanmadan çıxarılır. Açıq qaynaqlarda yer alan məlumatlara görə, 2013-cü ildə Pakistan ordu aviasiyasının istifadəsində 35 ədəd AH-1F helikopteri mövcud olub.

T-129 ATAK helikopteri Pakistanın dağlıq rayonlarında keçirilən sınaqlarda

2010-cu ildə yeni döyüş helikopterlərinin (AH-1Z “Viper” və ya AH-64 “Apache”) əldə edilməsi üçün ABŞ-a edilən müraciət rədd edildikdən sonra Pakistan tərəfi digər xarici istehsalçılarla – Rusiyanın “Rusiya Vertolyotları” (Mi-35M helikopterləri üçün), Türkiyənin TUSAŞ (T129ATAK) və Çinin CAİC şirkəti (Z-10 helikopterləri üçün) görüşmələrə başlayıb.

2015-ci ilin aprelində Çinin CAİC şirkəti 3 ədəd Z-10 “Thunderbolt” helikopterini Pakistana çatdırıb. Bəzi mənbələrdə yer alan məlumata görə, Pakistanın Ordu Aviasiya Korpusu Çindən toplam 17 ədəd Z-10 helikopteri almağı planlaşdırır. Sonrakı illərdə tərəflər arasında bununla bağlı hansısa sənədin imzalanıb imzalanmadığı məlum deyil. 2015-ci ilin aprel ayında ABŞ Dövlət Departamenti Pakistana 15 ədəd AH-1Z helikopterinin və lazımi avadanlıqların satışına icazə verib. Həmin il Pakistan və Rusiya 4 ədəd Mi-35M helikopterinin satın alınmasına dair müqavilə imzalayıb. Müqavilə üzrə ilk 4 ədəd Mi-35M helikopteri 2017-ci ildə, növbəti 4 ədədlik növbəti partiyası isə 2018-ci ilin noyabr ayında sifarişçiyə təhvil verilib. Ümumilikdə Pakistan Rusiyadan 20 ədəd Mi-35M helikopteri almağı planlaşdırır.

2018-ci ilin may ayında isə Pakistan və Türkiyə arasında 30 ədəd T-129 ATAK helikopterinin Pakistana satışına dair müqavilə imzalanıb. PAC Kamra nümayəndələri gələcəkdə T-129ATAK helikopterlərinin Pakistanda istehsalı və servis xidmətlərinin təşkili ilə bağlı da Türkiyə tərəfi ilə müzakirələrin aparıldığını söyləyirlər.

Rəşad Süleymanov