23/06/2018 23:22

Paradda iştirak edəcək hərbi texnika paytaxta gətirilib – FOTOSESSİYA /VİDEO

İyun ayının 26-da Bakı şəhərində keçiriləcək paradda iştirak edəcək hərbi texnika bu gün axşam saatlarında Bakı şəhərinə gətirilib.

“AzeriDefence”nin məlumatına görə, şəhərə daxil olan hərbi texnikanı sakinlər, xüsusilə də uşaqlar hərbi texnika kolonlarını sevinc və alqışlarla qarşılayıblar.

Paradda nümayiş olunacaq hərbi texnikalar sırasında “SandCat” zirehli maşınları üstünlük təşkil edib.

Paradda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin “SandCat”, “Cobra”, “Marauder”, “Matador”, ZPT, BTR-82A zirehli maşınları ilə yanaşı ordunun silahlanmasında yer alan müxtəlif yüngül, xüsusi təyinatlı avtomobillər, kəşfiyyat müşahidə maşınları, BMP-2 və BMP-3 piyada döyüş maşınları, T-72 “Aslan” və T-90S tankları, “Qvozdika”, “Akasiya”, “Pion”, “SpGH Dana” özüyeriyən haubitsalar, yedəkdə daşınan haubitsalar, müxtəlif markalı yaylım atəşli reaktiv sistemlər (“Qrad”, Lynx LAR, RM-70 “Vampir”), TOS-1A “Solntsepyok”, “Smerç”, “Polonez” YARS-lar, LORA operativ taktik raket kompleksi, “Osa”, Buk-MB, S-125, S-300PMU-2 “Favorit”, “İldırım” zenit-raket kompleksləri, onların radiolokasiya stansiyaları, müxtəlif markalı mini və taktik PUA-lar keçid edəcək.

Parada ilk dəfə çıxarılan sistemlər arasında “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi, BTR-82A, “SandCat” bazasında “Spike-ER” raketləri, “Spear Mk.2” minaatanı, eləcə də yuxarıda adları çəkilən “Dana”, RM-70, “Polonez” və LORA kimi artilleriya sistemləri, “İldırım” ZRK və s. yer alır.

Paradda quru qoşunları və HHQ-nin texnikaları ilə yanaşı HDQ və DSX Sahil Mühafizəsinin gəmiləri də qoşulacaqlar. Iyunun 24-də gəmilər Bakı buxtasına gətilərək parad üçün düzüləcək.

Ümumilikdə paradda HDQ-nin 4 (G-121 freqatı, T-710 idarəetmə gəmisi, 1 ədəd desant və 1 ədəd 205P layihəli gözətçi gəmisi), DSX Sahil Mühafizəsinin isə 11 (5 ədəd “Tufan” və 6 ədəd “Şahdağ”) gəmisi iştirak edəcək.

Hərbi Hava Qüvvələri, DSX və Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 50-dək helikopteri və 18 təyyarəsinin paradda uçuşu nəzərdə tutulur. Bundan başqa, Türkiyə HHQ-nin “Solo Türk” aviaqrupu da Bakı səmasında uçuş edəcək. Hərbi təyyarələrin uçuş tapşırığı əvvəlki paraddan fərqli olaraq dəyişdirilib və təyyarələrimiz düz uçuşdan əlavə səmada rəngli tüstü ilə 100 rəqəmini yazacaqlar. Helikopterlər də ordunun 100 illik yubileyini anladan 100 rəqəminin formasında düzülüşlə uçacaq.