31/07/2015 14:10

“Paramount Aerospace Azerbaijan” hərbi helikopterlərin və təyyarələrin təkmilləşdirilməsini həyata keçirəcək

CAR-ın “Paramount Group” şirkətinin Azərbaycanın “Azairtechservice” şirkəti ilə birlikdə 2014-cü ildə Bakıda təsis etdiyi “Paramount Aerospace Azerbaijan” (PAA) şirkəti helikopter və təyyarələrin modernizasiyasını, onların təkmilləşdirilməsini həyata keçirəcək.
“AzeriDefence”nin məlumatına görə, bunu “Defense İQ” nəşrinə müsahibəsindən “Paramount Group” şirkətinin sahibi Ayvor İçikovitz bildirib.

“Hər iki şirkətin birləşməsi bizim regionda lider olmamıza imkan verəcək. Mi-17, Mi-24 helikopterləri, Su-25 və MiG-29 kimi təyyarə platformalarında üstünlüklər yaradacağıq. Bizim tərəfdaşlığımız yerüstü sistemlər ilə başlayıb. Ölkənin sürətlə inkişaf etməsi və regional gücə çevrilməsi ilə daha da güclənib. Biz bunun əsasında ölkədə qabaqcıl aviakosmik imkanları yarada bilərik”, – deyə İçikovitz vurğulayıb.

Qeyd edək ki, “Azairtechservice” şirkəti hazırda “Paramount Group”un tərkibinə daxil olan keçmiş ATE şirkəti ilə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24 döyüş və Mi-17 nəqliyyat helikopterlərinin modernizasiyasını həyata keçirib.

ARAYIŞ: “Mi-24 Super-Hind” modernizasiya proyekti keçmiş ATE şirkəti tərəfindən 1996-cı ildə başlanıb, layihə Əlcəzair və Azərbaycanda aparılıb. Müasirləşdirmə nəticəsində Mi-24 döyüş helikopterləri INS/GPS, naviqasiyası, rəqəmsal xəritəli ekran, şüşə ekran, gündüz və gecə görməni təmin edən HUD, yeni atış kontrol sisteminə malik kokpit, iki rejimli FLİR kamera və uzun mənzilli TV kameranı özündə birləşdirən “KentronN Argos-550” elektro-optik cihazı, “Archer” dəbilqəyə bağlı displeyə sahib olub. Helikopterin silahlanmasına 20×139 mm-lik “Vector” topu, CAR-ın “Denel-Dynamics” şirkətinin istehsalı olan ZT35 “Ingwe” və ya ZT6 “Mokopa” tank əleyhinə idarə olunan raketləri daxil edilib. Helikopter daha müasir özünü müdafiə sisteminə, raketlərdən və lazerdən qorumaya sahib olub. “Super-Hind Mk. IV” layihəsi çərçivəsində helikopterlərin mühərriki, separator sistemi müasirləşdirilib, çəkisi isə 2 ton azaldılılb. Modernləşmədən sonra Mi-24G (“Gecə”) indeksi almış Azərbaycanın helikopterlərinin isə Əlcəzairinkindən fərqli olaraq daha müasir kokpit və avadanlıqlarla təchiz olunduğu bildirilir.