24/04/2013 09:08

Paramount Group ATE şirkətini alır

Cənubi Afrika müdafiə sənayesinin aparıcı şirkətlərindən olan Paramount Group bu ölkədə fəaliyyət göstərən və iflasını elan etmiş ATE (Advanced Technologies & Engineering Company) firmasını alır. “AzeriDefence”nin məlumatına görə, bu barədə CAR-da yerləşən nüfuzlu hərbi portallardan biri məlumat yayıb.

Məlumatda ATE-nin satın alınması prosesinin cari ilin birinci yarısı ərzində baş tutacağının mümkünlüyü ehtimal edilir.

Yaxın vaxtlarda tərəflər arasında biznes xilasetmə planının imzalanması gözlənilir.

ATE-nin satın alınması ilə Paramount Group aviasiya və kosmos sənayesində öz yerini möhkəmlətmiş olacaq. Şirkət ATE ilə birgə CAR Hava Qüvvələrinin “Hawk” tipli naviqasiya və silah sistemləri ilə təchizatında yer alacaq. Eyni zamanda helikopterlər üçün multimissiya inteqrasiya dəstləri, kompozit rotor tiyələrinin istehsalına malik olacaq.

Qeyd edək ki, hər iki CAR şirkəti Azərbaycanla sıx əlaqələrə malikdir. ATE şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24 tipli döyüş helikopterlərinin modernləşdirilməsi layihəsində iştirak edir. Azərbaycanın “Azairtechservices” firması ilə birgə müəssisə yaradıb.

Paramount Group şirkəti isə Müdafiə Sənayesi Nazirliyinin tərəfdaşı qismində çıxış edir. Bu şirkətin lisenziyası ilə Bakıda “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri istehsal edilir.