30/04/2015 13:16

“Paramount Group” aviasiya və hərbi maşınlarda daha bir yeniliyə imza atır

“Paramount Group” AHRLAC (Advanced High-Performance Reconnaissance Light Aircraft) yüngül kəşfiyyat təyyarəsi üzrə xarici müştərilərlə görüşmələrə başlayıb. Şirkət əmindir ki, qısa müddətdə bu yüngül çəkili, kiçik ölçülü təyyarə bazarda öz yerini tutmağı bacaracaq. Çoxmissiyalı əməliyyatlar üçün nəzərdə tutulan AHRLAC kəşfiyyat, hücum, hərəkətdə olan ön bölmələrə havadan dəstəyin təmin olunması, sərhəddə patrul xidməti, boru kəmərlərinin mühafizəsi kimi fərqli tapşırıqlarda istifadə oluna bilər. İlk uçuşuna 2014-cü ilin iyul ayında başlayan AHRLAC 65 saatlıq test uçuşu proqramını müvəffəqiyyətlə tamamlayıb. Növbəti mərhələdə təyyarənin daha sərt şəraitlərdə sınaqları keçiriləcək. Potensial müştərilərlə görüşmələrə başladıqlarını deyən “Paramount Group”un icraçı sədri Ayvor İçikovitzin sözlərinə görə, Yaxın Şərq regionundan bu təyyarəyə böyük maraq var. Yaxın 14 ay içində təyyarənin seriyalı istehsalına başlanılması nəzərdə tutulur. Artıq təyyarəyə qabaqcıl missiya avadanlıqları və “Martin Baker” firmasının yeni MK 17 oturacaqlarının inteqrasiyası tamamlanıb.

AZERİ DEFENCE-ə açıqlamasında A. İçikovitz bəzi planlarından da danışıb. Qazaxıstanla yaxın vaxtlarda başlanacaq birgə istehsal layihəsi barədə məlumat verən İçikovitz 6×6 təkər formullu “Mbombe” piyada döyüş maşınının testlərdən keçərək qəbul olunduğunu söyləyib: “Qazaxıstanda “Mbombe” çox ağır testlərdən keçdi. 47-50 dərəcə mənfi temperaturda, küləkdə və 3 metr dərin qarlı yerlərdə testləri başa vurduq. Bizdən tank yolları üzərində hərəkət testi keçməyimizi istədilər və dərin qar örtüyü altında bu testi də uğurla tamamladıq. Düşünürük ki, Azərbaycandakı sınaqlar daha asan keçəcək. Çünki Azərbaycanın hava şərtləri daha mülayimdir”.

“Paramount Group”un daha bir yeni zirehli döyüş maşını konsepsiyası hazrladığını bildirən şirkət rəhbəri bu, maşının 6×6 və 8×8 konfiqurasiyalarının olacağını söyləyib: “Bizim təcrübə göstərir ki, 6×6 formulu daha uyğundur və özünü doğruldur. Yeni maşınların silahlanmasına 100 mm və 30 mm çaplı toplar olacaq. O, BTR və BMP-lərin etdiyi hər bir manevrləri edə biləcək”.