19/02/2013 19:54

Paramount Group sektorda yerini möhkəmləndirir

Cənubi Afrika Respublikasının (CAR) “Paramount Group” zirehli maşınların dizaynını və yaradılması üzrə ixtisaslaşmış İndustrial and Automotive Design (İADSA) şirkətini alıb. “AzeriDefence”nin xəbərinə görə, bu hadisəni “Paramount Group” Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2012 beynəlxalq müdafiə sərgisində açıqlayıb.

“Paramount Group”un icraçı direktoru Ayvor İçikovitzin (İvor Ichikowitz) sözlərinə görə, İADSA-ya sahib olmaqla rəhbərlik etdiyi şirkət inovasiyalara, müştərilər üçün ən yaxşı və müasir texnologiyaları təklif etməkdə maraqlı olduğunu göstərir.

“Artıq “Paramount Group” bir neçə kreativ maşın dizaynerlərinə malikdir. İAD-ın alınması bizim təkliflərimizi artıracaq. Çünki biz mövcud bazarı genişləndirməkdə və yeni bazarların kəşf edilməsində maraqlıyıq”, deyə A.İçikoviitz vurğullayıb.

Avtomobil dizaynı sahəsində 160 ildir fəaliyyət göstərən İADSA xüsusilə hərbi maşınların dizaynının hazırlanmasına görə dünyada ilk üçlükdə yer alır. Şirkət həmçinin 150 km/saat sürətlə hərəkət edə bilən 15 ton çəkili, minaya qarşı qorumalı nəqliyyat vasitələrinin layihələndirilməsini həyata keçirir.

Abu-Dabi şəhərində keçirilən İDEX-2013 sərgisində “Paramount Group” şirkəti “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini, “Marauder Patrol” tipli xüsusi təyinatlı avtomobili, “Maverick” tipli polis avtomobilini, “Mbombe” adlı döyüş maşınını, habelə dünyada afrikalı mühəndislər tərəfindən hazırlanmış AHRLAC adlı ilk təyyarənin maketini, şirkətin müxtəlif sahələrdə fəaliyyətinə dair çox sayda layihələr barədə məlumatları təqdim edib. Şirkətin ən son texnologiyası olan “Marauder Patrol” ilk dəfə CAR-dan kənarda hərbi sərgidə nümayiş etdirilib.

Sərgidə nümayiş etdirilən “Marauder” stilist qrupu tərəfindən müxtəlif daşlar və rənglər vasitəsi ilə kamuflyaj edilib. Maşının üzərinə “Denel” firmasının istehsalı olan “Ingwe” tank əleyhinə idarə olunan raketlər qurulub.

Ayvor İçikovitzin sözlərinə görə, “Marauder” zirehli personal daşıyıcısı olaraq sülhməramlı əməliyyatlarda və qeyri-stabil regionlarda istifadə üçün nəzərdə tutulur.